Yuxarı

QMİ sədri: "Azərbaycan islam dünyasının ayrılmaz tərkib hissəsidir"

Şeyxülislam Allahşükür Paşazadə İSESKO-nun rəhbəri ilə görüşüb

Bakı. 26 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinlə görüşüb.

QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə  şeyxülislam A.Paşazadə Azərbaycanla nüfuzlu beynəlxalq təşkilat olan İSESKO arasında mövcud yüksək səviyyəli əlaqələrin inkişafından rəğbətlə danışıb. Bu işdə İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin şəxsi əməyinin olduğunu xüsusi vurğulayan QMİ sədri əlaqələrin dərinləşməsinin həm Azərbaycan, həm də bütün islam birliyi üçün böyük əhəmiyyət daşıdığını bildirib. Dini-mənəvi irsimizin qorunması yönündə gördüyü işlərə görə İSESKO rəhbərinə dərin minnətdarlığını bildirən şeyxülislam A.Paşazadə Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramli səfiri Mehriban xanim Əliyevanın bu qurumla səmərəli, məhsuldar əməkdaşlığının xüsusilə əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Azərbaycanda İSESKO xətti ilə keçirilən irimiqyaslı tədbirlərin bu istiqamətdə xüsusi önəm kəsb etdiyini bildirən QMİ sədri əl-Tüveycrinin Azərbaycana hər gəlişində A.Paşazadə ilə görüşməsini yüksək dəyərləndirib. Azərbaycandakı tolerantlığın xalqımız üçün həyat norması olduğunu bildirən şeyxülislam ölkəmizdə dini-mənəvi həyatın dirçəldilməsi istiqamətində görülən işlər, dini irsə dövlət səviyyəsində diqqət və qayğı barədə məmnunluqla danışıb. Şeyxülislam bildirib ki, Azərbaycan islam dünyasının ayrılmaz tərkib hissəsidir və dinimizin dəyərlərinə və ümumbəşəri multikulturalizm ideyalarına hər zaman böyük ehtiram və qayğı ilə yanaşan dünyəvi dövlət modeli kimi təqdirəlayiq nümunədir.

QMİ sədri İSESKO-nun Bakıda keçirilən ali tədbirinin işinə öz xeyir-dualarını çatdırıb.

Səmimi qardaşlıq görüşünə görə təşəkkürünü bildirən İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri şeyxülislam A.Paşazadənin islam dünyasında nüfuzlu şəxsiyyət kimi dəyərləndirdiyini deyib. Azərbaycanda dövlət-din münasibətlərinin səviyyəsinin, dini-mənəvi irsə nümunəvi münasibətin İSESKO tərəfindən hər zaman məmnunluqla qarşılandığını qeyd edən əl-Tüveycri ölkəmizin islami dəyərlərə və multikulturalizm ideyalarına sadiqliyinin və bunun dövlət səviyyəsində dəstəklənməsinin xüsusi rəğbətə layiq olduğunu vurğulayıb.

Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Görüş xatirə hədiyyələrinin təqdim olunması və şam süfrəsi ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi