Yuxarı

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin fəaliyyətə başlamasının 20 illiyi qeyd olunub

Tədbirdə xristian və müsəlman dini icmalarının rəhbərləri iştirak ediblər.

Bakı. 29 sentyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin Tbilisidə fəaliyyətə başlamasının 20 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Gürcüstanın Katolikos-Patriarxı II İlyanın iqamətgahında təşkil olunan tədbirdə xristian və müsəlman dini icmalarının rəhbərləri, deputatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Katolikos-Patriarx II İlya ölkələrimiz arasındakı əlaqələrin tarixindən, Azərbaycanın və Gürcüstanın din xadimlərinin dostluq münasibətlərindən danışıb. O, bu münasibətlərin möhkəmlənməsində QMİ-nin Gürcüstan nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyevin fəaliyyəti sayəsində dini icmalar arasında dostluğun daha da möhkəmləndiyi bildirilib.

Əli Əliyev bu tədbirin təşkilinə, yaradılan şəraitə görə Gürcüstan hökumətinə və şəxsən Katolikos-Patriarx II İlyaya təşəkkürünü bildirib.

Tədbirdə Gürcüstanda yaşayan müsəlmanların dövlətə və dövlətçiliyə, dini icmaların ölkələrimiz arasındakı dostluğun inkişafına, dünyada və bölgədə sülhün möhkəmlənməsinə xidmət etmələri yüksək qiymətləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi