Yuxarı

Qafqaz Müsəlmanları İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə birgə müşavirə keçirilib

Görüşdə QMİ-nin Qazılar Şurasının üzvləri, bölgələr üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər

Bakı. 28 fevral. REPORT.AZ/ Fevralın 28-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə birgə müşavirə keçirilib. Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Hər iki qurumun rəhbərləri və Mərkəzi aparatlarının iştirakı ilə keçən görüşdə dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib. QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öz çıxışlarında dini icmaların fəaliyyətinin daha da təkmilləşdirilməsi yönündə təkliflərini diqqətə çatdırmış, icmaların qeydiyyatı və dini vəzifələrə təyinat məsələləri, habelə milli-mənəvi, ənənəvi dini dəyərlərin təbliği və inkişaf etdirilməsi iştiqamətində görüləcək işlər barədə məlumat veriblər. Görüşdə QMİ sədrinin I müavini Müfti Salman Musayev, QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli, QMİ Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev və AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək dini icmaların fəaliyyəti ilə bağlı məsələlərdən danışıblar. Çıxışlarda qurumlar arasındakı əməkdaşlıq və işbirliyindən razılıq ifadə olunub, məsləhətləşmələr və məşvərətlərin əhəmiyyətli olduğu xüsusi vurğulanıb.

Görüşdə QMİ sədri və Dövlət Komitəsinin sədri tədbirdə iştirak edən din xadimlərinin suallarını cavablandırıb və irəli sürülən təkliflərə münasibət bildiriblər. Görüşdə QMİ-nin Qazılar Şurasının üzvləri, bölgələr üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi