Yuxarı

Qafqaz Müsəlmanları İdarəsi: Referendumqabağı aksiyalar dövlətçiliyə qarşı təxribatdır

“Din xadimləri, dindarlar möhtərəm dövlət başçımızı dəstəkləyirlər”

Bakı. 16 sentyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkə həyatında mühüm hadisə - referendum öncəsi bəzi siyasi qüvvələrin Azərbaycan Respublikasının Konstitusiyasına, “Siyasi partiyalar haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunlarına zidd olaraq, ölkədə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə keçirdikləri aksiyalarına din xadimlərini cəlb etmək üçün dini şüarlarla çağırışlar etməsini dövlətçiliyə qarşı təxribat kimi qiymətləndirir.

Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən daxil olan açıqlamada bildirilib.

“Konstitusion prinsiplərimizə zidd çağırışlarla bağlı tabeçiliyimizdə olan dini icmalar, din xadimlərimiz, yerlərdəki səlahiyyətli nümayəndələrimiz, qazılar, dindarların haqlı etirazlarını nəzərə alaraq bildiririk ki, dini mərkəz olaraq, dindən xüsusi maraqlar üçün siyasi alət kimi istifadə olunmasını, siyasi müxalifət təmsilçilərinin dövlətçiliyə qarşı dini zəmində çağırışlar etməsini qanunazidd, cinayət əməli hesab edirik. “Dini etiqad azadlığı haqqında” qanunda təsbit olunmuşdur ki, dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir. Bu müddəaya müvafiq olaraq, Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyində olan din xadimləri və onu təmsil edən şəxslər heç bir siyasi partiyanın üzvü ola bilməzlər və heç bir siyasi quruma qoşula, onun fəaliyyətində iştirak edə bilməzlər. Eyni zamanda bəyan edirik ki, QMİ-ni təmsil edən din xadimləri və onların nümayəndələri yuxarıda göstərilən xarakterli siyasi tədbir və kütləvi aksiyalarda iştirak edərlərsə, bu, qanun pozuntusu sayılacaq və onların haqqında qanunvericiliklə, İdarənin Nizamnaməsinə müvafiq şəkildə məsuliyyət tədbirləri görüləcək.

Din xadimləri, dindarlar hüquqi, demokratik, dünyəvi dövlət olan Azərbaycan Respublikasının vətəndaşları olaraq qanunun aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan möhtərəm dövlət başçımızı dəstəkləyirlər. Din xadimləri və dindarlar vətəndaş olaraq öz səsvermə hüquqlarından istifadə edərək 26 sentyabr tarixində keçiriləcək Referendumda fəal iştirak edəcəklər, inşallah”, - açıqlamada vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi