Yuxarı
    Bağlamaq

    ​Mübariz Qurbanlı erməni işğalına son qoyulması üçün İsveçi fəal olmağa çağırıb

    İsveç parlamentariləri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

    Bakı. 15 aprel. REPORT.AZ/ İsveçdə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Krallıq parlamentinin (Riksdaq) Xristian Demokratlar Partiyasından olan deputatı Mikael Oskarsson və Xristian-Demokratlar Partiyasının lideri Ebba Busç Thor ilə görüşüb.

    Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

    Səfəri və keçirdiyi görüşlər barədə məlumat verən M.Qurbanlı İsveçin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən ölkə və paylaşıla biləcək ortaq dəyərlərin çox olduğunu diqqətə çatdırıb.

    Azərbaycanın tolerant bir ölkə olduğunu, milli mənəvi və dini dəyərlərə ölkəmizdə çox böyük önəm verildiyini, dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirən komitə sədri Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və dəstəklənən bu siyasətin Azərbaycan üçün çox faydalı olduğunu və ölkəmizdə azad cəmiyyətin inkişafına böyük təkan verdiyini qeyd edib.

    O, Azərbaycanın Şərqlə Qərbi birləşdirən körpü kimi regionun siyasətində oynadığı rol, ölkənin iqtisadi inkişafı və Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti ilə bağlı məlumat verib. Ermənistanın işğalçılıq siyasəti barədə danışan M.Qurbanlı bu siyasətin təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına mənfi təsir etdiyini, xalqlar arasında inamsızlığın və nifrətin dərinləşməsinə səbəb olduğunu qeyd edib. Komitə sədri erməni işğalına son qoyulması üçün İsveçin siyasi elitasını və bütövlükdə İsveç cəmiyyətini fəal olmağa, beynəlxalq hüquqa, ədalətə dəstək verməyə çağırıb.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın multikulturalizm siyasəti ilə bağlı hazırlanan kitablar Mikael Oskarssona təqdim edilib.

    Qeyd edək ki, görüşdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov da iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi