Yuxarı
    Bağlamaq

    ​Mübariz Qurbanlı: "Bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmağa çalışırlar"

    “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans başlayıb

    Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün Yardımlıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans başlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, DQİDK və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Cəlilabad, Masallı və Yardımlı rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.

    Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

    Konfransda mövzu ilə bağlı DQİDK sədri Mübariz Qurbanlının məruzəsi dinlənilib. Komitə sədri çıxışında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərindən, dahi rəhbərin milli-mənəvi dəyərlərin qorunması istiqamətində misilsiz xidmətlərindən, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb.

    Sovet dönəmində ateizmin hökm sürdüyü bir dövrdə Yardımlıda milli-mənəvi dəyərlərin qorunduğunu vurğulayan Mübariz Qurbanlı bu ənənənin bu gün də “seyidlər məkanı”nda davam etdirildiyini diqqətə çatdırıb.

    Qeyd olunub ki, Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlət olmaqla, həm də multikulturalizm və tolerantlıq ölkəsidir.

    Prezident İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli sərəncamına əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan DQİDK-ya 2,5 milyon manat vəsaitin ayrıldığını vurğulayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə dini icmaların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib.

    İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən danışan Komitə sədri gənclərin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyətinin bütün cəmiyyətin üzərinə düşdüyünü diqqətə çatdırıb.

    Konfransda DQİDK sədrinin birinci müavini Səyyad Salahlı və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Mirqiyas Təhməzov mövzu ilə bağlı çıxış ediblər.

    Konfransın ilk iş günü başa çatdıqdan sonra Komitə sədri Mübariz Qurbanlı Yardımlı şəhərindəki “Cümə” məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə edib.

    Qeyd edək ki, regional konfrans işini iyulun 29-da plenar iclaslarla davam etdirəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi