Yuxarı

Komitə sədrinin müavini: "Azərbaycanda tələblərə cavab verən din xadimləri çatışmır" - MÜSAHİBƏ

​Səyavuş Heydərov: Ölkədə milli dini təhsil sistemi formalaşdırılacaq

Bakı. 5 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərovun "Report"a müsahibəsi

 - Səyavuş müəllim, dindarların bəzən məscid əvəzinə fərdi evlərdə toplaşaraq ibadət etməsinə münasibətiniz necədir?

- Siz bilirsiniz ki, ölkəmizdə 2100-dən artıq məscid fəaliyyət göstərir. İnsanların öz ibadətlərini rahat şəkildə həyata keçirmələri üçün bütün şərait yaradılıb. Qanunvericiliyə əsasən, kütləvi şəkildə dini ayinlərin icrası dəqiq müəyyənləşdirilən ibadətgahlarda və konkret olaraq təyin olunan dini ayinlərin icraçılarının rəhbərliyi altında keçirilə bilər. Ancaq radikal təsirlərə məruz qalan şəxslər adlandırdığımız insanlar var və onlar da müəyyən olunan ibadətgahlarda ibadətə qoşulmayaraq fərdi evlərdə qrup şəklində toplaşma hallarına yol verirlər. Qanunvericiliklə bu hal yolverilməz hesab olunur. Əlbəttə, kimsə öz evində ailə üzvləri ilə ibadət edə bilər. Ancaq bir kəndin, bir neçə kəndin nümayəndələrinin bir evə toplaşmaları və dini ayinlərə kimin rəhbərlik etdiyinin bilinmədiyi bir şəkildə ibadətin aparılması qeyri-qanuni hesab olunur. Bu məsələlərə də nəzarət olunur. Kütləvi şəkildə toplanma halı ilə rastlaşan vətəndaşlarımızın vaxtında bu barədə Dövlət Komitəsini məlumatlandırması yaxşı olar. Biz Komitə olaraq insanların kütləvi toplanma prosesinin baş verdiyi Ramazan və Məhərrəm aylarında, eləcə də digər dini əlamətdar günlərdə mütəmadi monitorinqlər keçiririk. Monitorinqlər göstərir ki, məsciddən kənar toplanma halları əsasən kənd yerlərində və ya insanların məscidə getmə imkanının məhdud olduğu ərazilərdə baş verir. Ancaq kütləvi toplanma halı aşkarlandıqda bunların qarşısı alınır. Qanunazidd olması ilə yanaşı, bunun başlıca səbəblərindən biri də həmin dini ayinləri icra edən, məclisə rəhbərlik edən şəxsin yad təsirlərə, yad ideologiyanının təsirinə məruz qalma ehtimalının olmasıdır. Belə olduğu təqdirdə heç şübhəsiz ki, həmin şəxslər insanları düzgün istiqamətləndirməyəcək.

- Radikal təsirlərə məruz qalanları qeyd etdiniz. Bu insanlar radikal dini fikirlərə, təsirlərə daha çox hansı vasitələrlə məruz qalırlar?

- Bu, mürəkkəb məsələdir, səbəbləri də çoxdur. Bu işdə xarici faktorlar xüsusi rol oynayır. Müəyyən aparıcı ölkələrin öz geosiyasi, geoiqtisadi maraqlarını həyata keçirmələri üçün din amilindən daha təhlükəli formada istifadə etdikləri artıq məlumdur. Yaxın Şərqdə də biz bunun acı nəticələrini görməkdəyik. Sovetlər İttifaqı dağıldıqdan sonra insanlar soyuq müharibənin bitdiyini və daha yaxşı, qarşılıqlı hörmət şəraitində yaşayacaqlarını gözləyirdilər. Lakin əksinə, balansın pozulduğu müşahidə olundu. Bu gün hegomonluq iddiasında olan bəzi ölkələr var və onlar da bunun üçün müxtəlif vasitələrdən, o cümlədən din amilindən istifadə etməyə başladılar. Əgər burada siyasi-iqtisadi maraqlar bir amildirsə, İslam dininin yayılmasından və müsəlmanların çoxalmasından doğan narahatlıq başqa bir amildir. Ona görə də müəyyən qüvvələr İslam dininin nüfuzdan salınması istiqamətində işlər görürlər. Bu gün təəssüf ki, İslam dünyasında dini zəmində qarşıdurmalar nəinki genişlənməkdə, hətta dərinləşməkdədir. Hansı ölkədə dövlət-din münasibətləri vaxtında düzgün tənzimlənməyibsə, orada problemlər daha ciddi xarakter daşıyır. Əgər Suriya və s. dövlətlərdə dövlət-din münasibətləri düzgün tənzimlənsəydi bu gün başqa mənzərə ilə qarşılaşardıq. Bəzi Qərb ölkələrində də bu məsələlərə düzgün münasibət bəslənməməsi səbəbindən İslamafobiya, ksenofobiya, antisemtizmin genişlənməsini müşahidə edirik. Ümumilikdə götürdükdə bunlar dünyada qlobal təhlükəsizlik məsələləri üçün ciddi problem yaradan amillərdir. Burada mühüm səbəblərdən biri İslam dininin siyasiləşdirilməsi, onun siyasi məqsədlər üçün istifadə olunmasıdr. İslam dini siyasi məqsədlər üçün istifadə olunduqda çox təhlükəli silaha çevrilir. Bu silah isə müəyyən hədəflərə yönəlməklə yanaşı, onu yaradan, formalaşdıran qüvvələrin özünə qarşı da istiqamətləndiyini təcrübə göstərir.

- Ümumiyyətlə, radikallığın yayılmasına rəvac verən amillərdən biri də müvafiq icazə olmadan yayılan dini təyinatlı ədəbiyyatlardır. Bununla bağlı hansı tədbirlər görülüb?

- Qadağan olunan dini təyinatlı ədəbiyyat da yad və zərərli dini idelogiyaların yayılmasının əsas səbəblərdən biridir. 2015-2016-cı illər ərzində dini ədəbiyyatların, əşyaların satış məntəqələrində hüquq-mühafizə orqanları ilə birlikdə mütəmadi monitorinqlər keçirmişik. Bu müddət ərzində 10-a yaxın satış məntəqəsində qadağan edilən dini təyinatlı ədəbiyyatın satışı faktı aşkarlanıb, müvafiq qaydada sənədləşdirilib, onlar barəsində cinayət işi qaldırılıb və məhkəmənin qərarı ilə həmin ədəbiyyatların yayılmasında təqsiri olan şəxslər məsuliyyətə cəlb ediliblər. Həyata keçirilən kompleks tədbirlər nəticəsində biz bu sahədə xeyli nizam-intizama nail olmuşuq. Son aylarda qadağan edilən dini ədəbiyyat və əşyaların idxalı, eləcə də nəşri və istehsalı halları aşkar edilməyib.

- Bu yaxınlarda mətbuatda bir nəfər ailəsinin - həyat yoldaşının və qızlarının ötən ildən yoxa çıxdığını və onların İŞİD-ə qoşulduqlarını iddia etmişdi...

- Doğrudur, 2012-2013-cü illər ərzində insanlar arasında mahiyyətini başa düşmədən ailə üzvləri ilə birgə qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar vardı. Ancaq son bir ildə demək olar ki, oradan dönüş, qaçış halları müşahidə edilir. Əlbəttə, kimsə orada iştirak edibsə, onun artıq hüquqi məsuliyyəti var. Bizim həyata keçirdiyimiz maarifləndirici tədbirlər sayəsində insanlar kimin yolunda, nə üçün, məntiqi olmayan dini zəminli münaqişələrdə, böyük oyunlarda alət olduqlarını başa düşürlər. İŞİD-in da öz qaydaları var. Əgər kimsə öz ailə üzvləri ilə gedirsə, döyüşdə ölürsə, ailə üzvləri orda qalıb digər döyüşçülərə xidmət göstərməlidirlər. Bu da milli-mənəvi dəyərlərimizlə, milli qeyrət hissimizlə zidiyyət təşkil edən məsələdir.

- İnsanlara, xüsusilə gənclərə böyük oyunların alətinə çevrilməmələri üçün nə deyə bilərsiniz?

- Biz gənclərimizdə milli-mənəvi dəyərlərə qayıdışı görür və bunu alqışlayırıq. Gənclərimizə dini kimliklərini müəyyənləşdirən zaman öz köklərindən, milli-mənəvi dəyərlərindən uzaqlaşmamalarını tövsiyə edirik. Onlar Azərbaycan vətəndaşı olduqlarını heç vaxt unutmamalıdırlar. Məlumdur ki, hər bir şəxs konstitusion hüququndan istafadə edərək, öz dinini, məzhəbini, baxışlarını müəyyən etməkdə tam sərbəstdir. Lakin hər kəs aramızda və ya kənarda İslam libasına bürünmüş insanların mövcudluğunu və onların müəyyən maraqların, siyasətin həyata keçirilməsi ilə məşğul olduqlarını anlamalıdır. Dini bilgilər alarkən, dərs alarkən, ibadətə başlayarkən diqqətli olmalıyıq. QMİ nəinki regionda, dünyada qəbul edilən qurumdur. Bu idarənin təyin etdiyi din xadimlərindən bilgi almalarını məsləhət görərdik. Başqa ölkələrdə təhsil alan, yad təsirlərə məruz qalmış şəxslərdən dini öyrənən zaman yad ideologiyalara məruz qalma ehtimalı daha güclüdür. Bu təsirlərin törətdiyi fəsadlar isə çox təhlükəli olur. İbadətə başlayan insanlara Komitənin hazırladığı "Fitnə" sənədli filminə baxmalarını tövsiyə edirəm. Film Dövlət Komitəsinin saytına da yerləşdirilib. Ümumiyyətlə istənilən dini bilgilərinin İslam qaydalarına nə dərəcədə cavab verməsinə insanlar tərəfindən diqqət yetirilmlidir. İslam dininin siyasiləşdirilməsinin, bir vasitə kimi istifadə olunması hallarının mövcud olduğunu bilmək lazımdır. Bu qlobal oyunlarda oyunçu və ya alət olmaq yolverilməzdir . Sağlam ibadətlə məşğul olmaq istəyən gənclər, Qurani-Kərimi dərindən öyrənsin, saxta hədis və ədəbiyyatlardan uzaq dursunlar. O da məlumdur ki, tarixən müəyyən maraqların təmin edilməsi üçün saxta hədis uydurma üzrə fəaliyyətlər olub. Allaha yaxın olmaq istəyirlərsə, müqəddəs "Quran"ı əsas götürsünlər və şərhini düzgün başa düşməyə çalışsınlar.

- Müəyyən fərdlərin məhsulu demişkən, paytaxt mağazalarında satılan dini ədəbiyyatların əksəriyyətinin müəllifləri xaricilərdir. Yerli müəlliflərin sayının az olmasını nə ilə əlaqələndirmək olar?

- Biz hazırda dini ədəbiyyatların Azərbaycan vətəndaşları, yerli müəlliflər tərəfindən yazılmasına çalışırıq və buna təşviq edirik. Azərbaycançılıq konsepsiyası, vətənpərvərliyimiz, mənəvi dəyərlərimiz, milli keyfiyyətlərimiz çərçivəsində ideologiyaları əks etdirən dini ədəbiyyatların olmasına çalışırıq. Dində də əvvəlcə Vətən yazılıb. Bir şəxs dini kimliyini müəyyənləşdirəndə milli kimliyini unutmamalıdır. Bəziləri beş il xarici ölkədə dini təhsil alır, qayıtdıqda geyimindən tutmuş davranışına qədər dəyişirlər. Xarici ədəbiyyatlarda şəriətlə yanaşı, mütləq həmin ölkələrin öz dini ideologiyaları da sətiraltı olaraq təbliğ olunur. Bəziləri həmin ədəbiyyatı oxuyan zaman bunu başa düşsə də, digərləri başa düşməyə bilər. Nəticədə dini kitablarda üstüörtülü formada təlqin edilənləri oxuyan şəxs başa düşmədən qəbul edir və həmin ölkələrin dini ideologiyalarını mənimsəmiş olur.

- Səyavuş müəllim, ümumilikdə Azərbayancda neçə dini icma qeydiyyatdan keçib?

- Bu sahədə proses daimi xarakter daşıyır. Hazırda ölkəmizdə 649 dini icma qeydiyyatdan keçib. Dini icmaların qeydiyyatı ilə bağlı təşəbbüs əsasən yerlərdən gəlməlidir. Ehtiyac yaranan yerlərdən təşəbbüs göstərildikdə biz onlara zəruri metodiki köməkliyi göstəririk. Biz bütün ibadətgahların rəsmiləşdirilməsində, qeydiyyatdan keçməsində maraqlıyıq. İstəyirik ki, icmalar formalaşdırılsın və din xadimlərinin rəsmi təyinatı olsun. Adətən, neqativ hallar və qanun pozuntuları rəsmi din xadimlərinin fəaliyyət göstərmədiyi məscidlərdə baş verir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birlikdə həmin məscidlərə də din xadimlərinin təyinatı üzrə işlər aparılır. Amma bu işdə çətinliyimiz tələblərə cavab verən din xadimlərinin çatışmazlığıdır. Bilirsiniz ki, qanunvericiliyə əsasən xaricdə dini təhsil alanların dini ayinləri icra etməsinə icazə verilmir. Bunun əsas səbəbi xarici ölkələrdə təhsil alan şəxslərin yad dini baxışların təsirlərinə məruz qalmalarıdır.

- Qeyd etdiyiniz kimi, bu gün məscidlərin sayı 2 000-dən, qeydiyyatdan keçən icmaların sayı isə 600-dən yuxarıdır. Boşluq necə idarə olunur?

- Ölkəmizdə məscidlərin bir qismi Mədəniyyət və Turizm Nazirliyinin balansındadır, 1 600-ə yaxın məscid isə rəsmi ibadətgah kimi daimi fəaliyyət göstərir. Qalan məscidlərin fəaliyyəti isə mövsümi xarakter daşıyır. Dini bayramlarda və s. hallarda kütləvi toplaşma olur. Adi hallarda isə onların fəaliyyəti zəif olur. Bu gün mövcud ibadətgahlar insanların ibadət etməsi üçün kifayət edir. Bizdə gün ərzində 10-15 adamın gəldiyi məscidlər də var. Ona görə də biz harada daha çox insan toplaşır, harada insanları maarifləndirməyə ehtiyac varsa, həmin ibadətgahlarda icma yaradılmasına üstünlük veririk. İcmanın yaranması üçün 50 nəfər olmalıdır. Ancaq 10-15 adamın olduğu yerlərdə icma yaratmaq imkanı yoxdur.

- Ümumiyyətlə, bəzi hallarda müraciətlərin geri qaytarılmasının səbəbi nə olur?

- Bizə daxil olan müraciətlərdə sənədləşmədə texniki və ya hüquqi səhvlər olan zaman bu halların düzəldilməsi üçün tərəfimizdən zəruri metodiki köməklik göstərilir. Bəzi hallarda müəyyən sənədlərin yerində düzəldilməsinə ehtiyac yarandığına görə sənədlər geri qaytarılır. Nöqsanlar aradan qaldırıldıqdan sonar isə dini icma dövlət qeydiyyatına alınır.

- Bəs din xadimlərinin tələblərə cavab verməsinin həlli üçün hansı işlərin görülməsi nəzərdə tutulub?

- Öncə onu vurğulamaq istəyirəm ki, respublikamızda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri uğurla davam etdirilir və onun müsbət nəticələri görülməkdədir. Bununla yanaşı, bu proses daim təkmilləşir, möhkəmlənir və bizim istəyimiz dini təhsil sahəsində də islahatları sürətləndirməkdir. Artıq QMİ ilə bu istiqamətdə birlikdə xeyli iş görülüb və bu gün də davam etdirilir. Milli dini təhsil sistemimizin olmasına çalışırıq. Bu sistem öz adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz, Azərbaycançılıq konsepsiyası çərçivəsində olmalıdır. Dini təhsil sistemimizi yad təsirlərdən qorumaq üçün bu sahədə ciddi islahatlar olmalıdır. Dini təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər gedir. Eyni zamanda, din sahəsində tələblərə uyğun kadrların hazırlanması üçün ali təhsil müəssisələrinə qəbul prosesində müəyyən yüngülləşdirməyə ehtiyac var. Milli-dini təhsil sistemi, millli-dini kadrlar və milli-dini modelin formalaşdırılmasına və bu işin daha sürətli, günün tələblərinə uyğun formada həyata keçirilməsinə çalışırıq.

- Dini təhsil sahəsində islahatların aparılması üçün hər hansı proqram hazırlanacaqmı, bununla bağlı təkliflər varmı?

- Bununla bağlı təkliflər var. Aidiyyəti qurumlarda baxılır. Bir sıra məsələlər həmin sənəddə əksini öz tapıb. Dini ideologiya sahəsində aşkarlanan bəzi neqativ tendensiyaların kökünü birdəfəlik kəsmək üçün islahatlar aparılacaq.

- Səyavuş müəllim, bu gün məscidlərdə fəaliyyət göstərən axund və imamların hər biri ölkədə dini təhsil alanlardır?

- Bəli, onların hamısı yerli təhsili olan insanlardır. Bəziləri xaricdə təhsil alsalar da, eyni zamanda, yerli təhsilləri də var. Radikallaşmanın, yad təsirlərə məruz qalmanın əsas səbəblərindən biri də savadlı din xadimlərinin çatışmazlığıdır. Bu gün minə yaxın məsciddə din xadimlərinin təyinatına, yaxud əlavə din xadimlərinə ehtiyac var. Bəzi məscidlərdə bir nəfər din xadimi olduğundan işin öhdəsindən gəlmək çətin olur. Çünki bütün gün məsciddə olmaq və məscidə gələn insanların hər biri ilə təmas qurmaq ağır prosesdir. Ona görə də növbəli şəkildə dini ayinlərin icrasının həyata keçirilməsi üçün bir neçə din xadiminin təyinatı lazımdır. Din xadimlərinin çatışmazlığı səbəbindən boşluq var, bu da bəzən yad təsirlərə məruz qalmalara səbəb olur. Bəzi insanlar da həmin boşluqdan istifadə edərək isanlara yad ideologiyanı aşılamağa çalışırlar.

- İslam dinini gözəl bilən qadınlarımız var. Ancaq onlar öz biliklərini ötürməyə, insanları maarifləndirməyə geniş auditoriya tapa, məscidlərdə fəaliyyət göstərə bilmirlər. Bu sahədə hansısa işlər həyata keçirmək mümkündürmü?

- Bilirsiniz ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi və Bakı İslam Universitetində qızlar da təhsil alır. Ancaq şəriət qanunlarına əsasən, qadın imam və ya axund ola bilməz. Bu baxımdan qadınlarla bağlı məsələ də gündəmdədir. Biz qadınların da potensialından istifadə etməliyik. Onlar da dini sahədə biliklərin formalaşmasına çox böyük töhfə verə bilərlər. Hazırda bəzi dini təhsilli və yaxud da dini bilgilərə malik olan qadınların imkanlarından istifadə məsələsi də müzakirə mövzusudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi