Yuxarı
    Bağlamaq

    Komitə sədri: "Dini radikalizm İslamı parçalamaq məqsədi daşıyır"

    Kürdəmirdə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib

    Bakı. 23 noyabr. REPORT.AZ/ Kürdəmirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib.

    Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.

    Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Azərbaycanda tarixən müxtəlif millətlərin nümayəndələrinin birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşdıqlarını vurğulayıb.

    Regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edib. O diqqəti “Fitnə” sənədli filmindəki faciəli səhnələrə cəlb edərək bildirib ki, aldadılaraq Suriyaya aparılan və orada həlak olan gəncin atasının keçirdiyi hisslər, terrorçuların təsiri altına düşən və həbsxanada yatan gənclərimizin peşmançılığı bu gün dini radikalizmin, İslam dinindən öz siyasi məqsədləri üçün istifadə edən qüvvələrin törətdikləri fitnə-fəsadların nəticəsidir. Bu faciə radikalizmə qarşı hamılıqla mübarizənin zəruriliyini ortaya qoyur. Unutmaq olmaz ki, dini radikalizm dindən uzaqlaşmaqdır, İslamı parçalamaq məqsədi daşıyır.

    Komitə sədri din pərdəsi altında aparılan münaqişələrdən danışaraq vurğulayıb ki, bu gün dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir: "İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla, onun gözdən salınmasına yönələn siyasət həyata keçirilir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır".

    Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Füzuli Cəfərov mövcud təhlükələrin ölkəyə yol tapmaması, multikultural və tolerant dəyərlərin qorunub saxlanılması üçün maarifləndirmə tədbirlərinin, o cümlədən ayrı-ayrı təhsil müəssisələrində, kollektivlərdə konfransların, seminarların, təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi