Göyçayda “Multikulturalizm: dini ayrı-seçkiliyə və radikalizmə alternativ kimi” mövzusunda seminar-treninq keçirilib

Göyçayda “Multikulturalizm: dini ayrı-seçkiliyə və radikalizmə alternativ kimi” mövzusunda seminar-treninq keçirilib Səyyad Salahlı: "Bu gün ölkəmizdə vicdan azadlığı təmin edilib"
Din
19 Aprel , 2016 17:33
Göyçayda “Multikulturalizm: dini ayrı-seçkiliyə və radikalizmə alternativ kimi” mövzusunda seminar-treninq keçirilib

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikulturalizm: dini ayrı-seçkiliyə və radikalizmə alternativ kimi” mövzusunda seminar-treninq keçirilib. 

Komitədən "Report"a verilən məlumata görə, tədbirin əvvəlində işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, Göyçay RİH başçısının müavini – ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəxşəndə Rəcəbova, şöbənin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, din xadimləri, dini icma sədrləri, ziyalılar, ağsaqqallar, dindarlar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Göyçay RİH başçısının müavini – ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəxşəndə Rəcəbova dövlət və din münasibətləri, dini icmaların fəaliyyəti istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir: "Ümummili lider Heydər Əliyevin ardıcıl, məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyat keçirilib. Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ aktlar bütövlükdə dini etiqad azadlığını təmin edir və yarana biləcək problemləri həll etmək, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır".

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək bildirib ki, Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan edib: "Bununla bağlı ölkədə silsilə tədbirlər keçirilir. Multikulturalizm Azərbaycan xalqının tarixi ənənələrindən irəli gəlməklə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, multukulturalizm xalqımızın həyat tərzidir. Lakin heç bir halda Azərbaycan dövləti hər hansı bölücü və radikal qrupların xalqımızın tolerant dəyərlərindən istifadə etməsinə imkan verməyəcək. Bu gün ölkəmizdə vicdan azadlığı təmin edilib və bu 25 ildir müstəqil olan bir ölkə üçün böyük bir nailiyyətdir".

Dünyanın dinlər və məzhəblərarası münaqişələrlə çalxalandığı belə bir dövrdə Azərbaycanın özünün multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir. Səyyad Salahlı Azərbaycanda multikultural həyat tərzinin real nümunələrindən bəhs edib və multikulturalizmin radikalizmin qarşısının alınmasında mühüm vasitə olduğunu bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi