Azərbaycanda gözdən əlillər üçün Brayl əlifbası ilə Qurani-Kərim çap olunub

Azərbaycanda gözdən əlillər üçün Brayl əlifbası ilə Qurani-Kərim çap olunub Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı Qurani-Kərimin təqdimatı keçirilib
Din
16 İyul , 2015 11:35
Azərbaycanda gözdən əlillər üçün Brayl əlifbası ilə Qurani-Kərim çap olunub

Bakı. 16 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması tərtib edilən əlifba) ilə çap olunmuş Qurani-Kərimin təqdimatını keçirib.

“Report”un məlumatına görə, tədbirdə DQİDK-nin sədri Mübariz Qurbanlı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Azərbaycan gözdən əlillər cəmiyyətinin sədri Səmyar Abdullayev, din xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak edib.

DQİDK sədri Mübariz Qurbanlı Qurani-Kərimin Brayl əlifbası ilə çap edilməsi prosesinə bu il martından başlandığını bildirib. O, bu işin Azərbaycanda ilk dəfə həyata keçirildiyini deyib. M.Qurbanlının sözlərinə görə, görmə qabiliyyətini itirmiş və ya məhdud olan insanlar üçün Brayl əlifbası ilə hazırlanan Qurani-Kərim Dövlət Komitəsinin maliyyə dəstəyi ilə 7 dildə çap edilib.

M.Qurbanlı bildirib ki, Brayl əlifbası ilə Qurani-Kərim Türkiyə, İran, ərəb ölkələrində çap olunub, lakin Azərbaycanda bu, ilk təşəbbüsdür: “Bu gün Azərbaycanda islam dininə və digər dinlərə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bu özünü hərtərəfli formada büruzə verir. Kitab çapına əlavə vəsait ayrılır. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə kitab çapı üçün ayrılmış vəsaitin bir qismini Brayl əlifbası ilə Qurani-Kərimin işıq üzü görməsinə yönəldilib”.

Komitə sədri qeyd edib ki, islami dəyərlərin təbliği və təşviqində Qurani-Kərimin özünün təbliğ olunması mühüm rol oynayır: “İnsanlar birbaşa bu mənbəni oxumaqla İslamı şüurli şəkildə qəbul edirlər. İnsanların mənəvi cəhətdən zənginliyinin təmin edilməsi diqqət mərkəzindədir. Gələcəkdə belə təşəbbüslərin və layihələrin icrası davam etdiriləcək”.

Qurani-Kərimi Azərbaycan dilinə tərcümə edənlərdən biri akademik Vasim Məmmədəliyev bildirib ki, Azərbaycanda Qurani-Kərimin Brayl əlifbası ilə çap olunması sevindirici haldır.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, belə işlərin həyata keçirilməsi təqdirəlayiq haldır. O bildirib ki, bu iş bir başlanğıcdır və gələcəkdə də davam edəcəyinə inanır. S.Novruzov qeyd edib ki, Azərbaycan tolerant ölkədir: “Burada müxtəlif dinin mənsublarına və icmalara tam şərait yaradılıb” 

YAP icra katibinin müavini vurgulayıb ki, Azərbaycanda insanların sosial qayğıları həmişə dövlətin diqqət mərkəzində olub: “Ölkədə əlillərə, o cümlədən gözdən əlillərə diqqət və qayğı göstərilir". 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Qurani-Kərimin Brayl əlifbası ilə çapının təşkil edilməsinə görə DQİDK-ya təşəkkür edib. O bildirib ki, nazirliyin gözdən əlil idmançılardan ibarət böyük komandası var.

Son xəbərlər

Orphus sistemi