Yuxarı
    Bağlamaq

    Dövlət qeydiyyatına alınan 9 dini icmaya şəhadətnamələr təqdim edilib - SİYAHI

    Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 793-ə çatıb

    Bakı. 22 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış 9 dini icmaya şəhadətnamələr təqdim edilib. 

    Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, tədbirdə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan edilən “İslam Həmrəyliyi İli”nin əhəmiyyətinə toxunan Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bu müdrik, düşünülmüş addımın istər ölkəmiz baxımından, istərsə də dünya miqyasında strateji əhəmiyyətə malik olduğunu bildirib. Bunun dünən Bakıda keçirilən beynəlxalq konfransda da bir daha öz təsdiqini tapdığını vurğulayıb.

    “İslam Həmrəyliyi İli”nin elan olunmasının həm daxili, həm də beynəlxalq-ümumbəşəri çağırışları ehtiva etdiyini deyən Səyavuş Heydərov tarixən İslam dünyasının bir parçasına çevrilmiş ölkəmizin bununla öz milli-mənəvi dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.

    Dini icma sədrlərinə tövsiyələrini də verən sədr müavini onları cəmiyyətin dini baxımdan düzgün maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsində, eyni zamanda tolerant və multikultural mühitin daha da inkişaf etdirilməsində fəal rol oynamağa, yeni təşəbbüslərlə çıxış etməyə çağırıb.

    Sonda icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.

    Qeyd edək ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi “Hacı Bəyverdi” məscidi, Ucar rayonu Alpout kəndi Hz. Əbəlfəzl adına “Cümə” məscidi, Ucar rayonu Müsüslü kənd məscidi, Lənkəran rayonu Şovu kənd məscidi, Lənkəran rayonu Diryan kənd məscidi, İmişli şəhəri “İmam Hüseyn” məscidi, Saatlı rayon Çolpı kəndi “İmam Əli” məscidi Masallı şəhəri, Ərkivan qəsəbə inzibati ərazi dairəsinin “Şeyx Səfi” məscidi və Neftçala rayonu Şirvanlı kəndi “Həsənağa” məscidi dini icmaları dövlət qeydiyyatına alınıb. Bununla Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 793-ə çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi