​Dövlət Komitəsinin sədri: “Azərbaycanda dini radikalizmin sosial bazası yoxdur”

​Dövlət Komitəsinin sədri: “Azərbaycanda dini radikalizmin sosial bazası yoxdur” Cəlilabadda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb
Din
14 Aprel , 2015 18:56
​Dövlət Komitəsinin sədri: “Azərbaycanda dini radikalizmin sosial bazası yoxdur”

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb. Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Cəlilabad, Masallı və Biləsuvar rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar, həmçinin, Milli Məclisin deputatı iştirak ediblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayondakı dini durumdan danışaraq bildirib ki, bölgədə qeydiyyatdan keçmiş dini icmaların hamısına fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb.

Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkədə dinlərarası münasibətlər ən yüksək səviyyədədir: “Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir”.

Mübariz Qurbanlı qeyd edib ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır: “Çünki İslam dini haqqında yanlış məlumatlar, insanların düşüncələrində mənfi fikir yaradır. Bu səbəbdən dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu sahədə görülən işlər davam etdirilməlidir. Dövlət Komitəsinin hüquq mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayan Komitə sədri radikalizmin qarşısının alınmasında bu tədbirlərin böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb”.

M.Qurbanlı bildirib ki, ölkədə dini radikalizmin sosial bazası yoxdur: “Həyata keçirilən tədbirlər nəticəsində radikalizmə meyilli qrupların iqtisadi və ideoloji əsasları tamamilə iflasa uğrayıb. Radikalizmlə mübarizədə Dövlət Komitəsi cəmiyyətin bütün strukturları, o cümlədən qeyri-hökumət təşkilatları və ictimai birliklərlə birgə bir sıra layihələr həyata keçirir”.

Konfransda içtirak edən Milli Məclisin deputatı Mirkazım Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov ölkədəki dövlət-din münasibətlərindən, dövlətin dinə qayğısından danışaraq dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

Daha sonra məruzələr dinlənilib.

Aprelin 15-də regional konfrans işini plenar iclaslarda davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi