Yuxarı
    Bağlamaq

    ​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yarım ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib

    Bu ilin altı ayında Dövlət Komitəsinə 1250 məktub, 622 qanunvericilik sənədi daxil olub

    Bakı. 25 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

    Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak edib.

    İclasda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, Komitə cari ilin birinci yarısında vəzifəsindən irəli gələn funksiyaların həyata keçirilməsi istiqamətində, mövcud qanunvericiliyi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, milli və dövlətçilik maraqlarının qorunması yolunda fəaliyyətini davam etdirib. Dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

    Həyata keçirilən tədbirlər nəticəsində ölkədə dini radikalizmlə mübarizə, qeyri-qanuni ibadət yerlərinin fəaliyyətinin dayandırılması, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən, eləcə də ölkəyə qeyri-qanuni idxal edilən dini təyinatlı ədəbiyyat və məmulatların satışının qarşısının alınması istiqamətində ciddi uğurlar əldə edilib. Ölkəyə qeyri-qanuni idxal olunan və ya respublika ərazisində istehsal edilən, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən ədəbiyyat və məmulatların satışının qarşısının alınması məqsədilə də mütəmadi tədbirlər həyata keçirilib.

    Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili işlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə Tədbirlər Planı imzalanıb və 6 ay ərzində icra olunub. Dövlət Komitəsi ilə digər dövlət strukturları arasında ümumilikdə 330-a yaxın, o cümlədən “Multikulturalizm ili” çərçivəsində 100-ə yaxın tədbir təşkil edilib.

    Dövlət Komitəsinin sədri bildirib ki, hesabat dövründə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, dini radikalizm və ekstremizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filmi ölkənin bütün regionlarında nümayiş edilib.

    Altı ayda Dövlət Komitəsinə 1250 məktub, 622 qanunvericilik sənədi daxil olub və onların 95 faizi icra edilib, digərləri icra prosesindədir.

    Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov hesabat məruzəsi ilə çıxış edərək, cari ilin 6 ayı ərzində DQİDK tərəfindən dini radikalizmlə mübarizə istiqamətində silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. O, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinə toxunub. Sədr müavini bildirib ki, son illərdə dövlət-din münasibətlərinin milli təhlükəsizlik və milli maraqlar baxımından düzgün istiqamətləndirilməsi məqsədilə mövcud qanunvericilik bazası təkmilləşdirilib, hüquqi aktlara zəruri əlavə və düzəlişlər edilib.

    Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edərək, Ramazan ayı ilə bağlı təşkil edilən tədbirlərdən, Komitənin keçirdiyi monitorinqlərdən danışıb. O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hər il olduğu kimi, bu il də Ramazan ayı boyunca respublikada dini durum nəzarətdə saxlanılıb, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər keçirilib, eləcə də dini maarifləndirmə sahəsində silsilə görüş və konfranslar təşkil edilib.

    Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev yığıncaqda çıxış edərək Azərbaycandakı dini vəziyyət, dini maarifləndirmə işləri barədə danışıb. Dövlət müşaviri Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməl üzərində formalaşdığını və inkişaf etdiyini bildirib. O vurğulayıb ki, milli-mənəvi dəyərlərin inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.

    Hesabat yığıncağında Dövlət Komitəsinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilən 8 əməkdaşına medallar təqdim edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi