Bakı. 14 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib.
"Report"un məlumatına görə, seminar-müşavirədə Dövlət Komitəsinin və Nizami Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidmətinin Nizami, Xətai, Binəqədi rayon strukturlarının rəhbərləri, din xadimləri, dini icma sədrləri, gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunan “Şəhadət” sənədli filmi nümayiş olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, əsas məqsəd Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsidir.
O qeyd edib ki, bu gün Yaxın Şərqdə münaqişə bitmək üzrədir: "Hesab edirik ki, münaqişənin yatırılmasında mühüm rol oynayan bəzi aparıcı ölkələr arasında əməkdaşlığın, həmrəyliyin əldə olunmasında Azərbaycanın böyük rolu olub. Dünya nirliyinin, xüsusilə də Avropa İttifaqının Azərbaycana verdiyi dəyəri görürük. Bu gün ölkədə dini radikalizm və ekstremizmə qarşı alternativ vasitə vətənpərvərliyin gücləndirilməsidir. Ona görə də belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir".
Seminar-müşavirə mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.