"Report"un xəbərinə görə, o bildirib ki, din və təhsil məsələsində beynəlxalq təcrübədə əsasən 3 termindən (anlayışdan) istifadə edilir: "1. Dini tərbiyə 2. Dini təhsil. 3. Dinlə bağlı tədris. Dini tərbiyəni yalnız ailə verə bilər, dövlət dini tərbiyə verə bilməz. Dini təhsili dini təhsil ocaqları verir, dövlət dini təhsil verə bilməz. Amma dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər. Dinlə bağlı tədris isə dinin yox, şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur və bu, nə dünyəviliyə, nə də Konstitusiyaya ziddir. Orta məktəblərdə riyaziyyat, fizika, ədəbiyyat və s. tədris edilir. Məqsəd hamını riyaziyyatçı, fizik, ədəbiyyatçı etməkdirmi? Yox! Riyaziyyatçı, fizik, ədəbiyyatçını ali məktəb yetişdirir. Orta məktəb riyaziyyat, fizika, ədəbiyyatla bağlı zəruri bilikləri verir. Dinlə bağlı tədrisin də məqsədi hamını dindar və ya din adamı etmək deyil. Sadəcə, dinlə bağlı minimum biliklər verməkdir. Bu bilikləri dövlət verməsə başqaları verəcək, amma dövlətin maraqlarına zidd şəkildə".
G.İsmayılov vurğulayıb ki, artıq prosesə başlanılıb: "Orta məktəbdə Həyat bilgisi fənni tədris edilir. Onun bir məqsədi də dini bilikləri verməkdir. Burda pis nə var ki?! Yaxud burda başa düşülməyəcək nə var ki?!"