Gürcüstan Müsəlmanları İdarəsinin sədri: "Din haqqında” qanunun qəbuluna ehtiyac var" - FOTO

Gürcüstan Müsəlmanları İdarəsinin sədri: "Din haqqında” qanunun qəbuluna ehtiyac var" - FOTO "SOCAR-ın yardımı ilə məscidlərin 22-nə pulsuz olaraq təbii qaz verilib"
Din
26 Noyabr , 2016 14:04
Gürcüstan Müsəlmanları İdarəsinin sədri: Din haqqında” qanunun qəbuluna ehtiyac var - FOTO

Tbilisi. 26 noyabr. REPORT.AZ/ "Gürcüstanda 312 məscid var və onlardan yüzə yaxını azərbaycanlılara məxsusdur". 

“Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Ramin İgidov noyabrın 26-da keçirdiyi hesabat yığıncağında söyləyib.

Onun sözlərinə görə, bu il məscidlərdən 46-sı əsaslı təmir olunub, 8 məscidin isə tikintisinə başlanılıb: "Ötən il isə 55 məscid təmir olunaraq müsəlmanlara təqdim olunub. Bu gün mövcud olan 312 məsciddən yalnız 130-u dövlət qeydiyyatına alınaraq GMİ-nə verilib. Qalan məscidlərin dövlət qeydiyyatına alınması istiqamətində işlər davam etdirilir. GMİ-nin təşəbbüsü ilə Gürcüstandakı həbsxanalarda müsəlman məhbuslar üçün ibadət otaqları tikilib istifadəyə verilib. Eyni zamanda, hərbi hissələrdə də ibadət otaqları tikilib. SOCAR-ın yardımı ilə məscidlərin 22-nə pulsuz olaraq təbii qaz verilib".

R.İgidov deyib ki, bu il 800-ə yaxın ailəyə, o cümlədən 150 kimsəsizə GMİ tərəfindən yardım edilib: "Gürcüstanda “Din haqqında” qanunun qəbuluna ehtiyac var. Eyni zamanda, radikal dini qruplaşmalara qarşı tədbirlər gücləndirilməlidir".

Gürcüstanın Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze qeyd edib ki, bu gün ölkədəki müsəlman icması böyüklüyünə görə ikinci yerdədir. O, müsəlman icmasının fəaliyyətini yüksək qiymətləndirərək, Gürcüstan dövləti dini icmaların normal fəaliyyət göstərmələri üçün bütün imkanları yaradıb: "Gürcüstan dövləti radikal dini qruplaşmaların bu ölkədəki fəaliyyətinə heç cür imkan verməyəcək. Gürcüstan dini radikalizmə qarşı mübarizədə Azərbaycan və Türkiyə dövlətləri ilə bir sırada dayanır".

Şərqi Gürcüstan müsəlmanlarının müftisi hacı Yasin Əliyev, Qərbi Gürcüstan müsəlmanlarının müftisi hacı Belkelr Kamaşidze və başqaları çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıblar.

Hesabat yığıncağında Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin və digər müxtəlif dini icmaların nümayəndələri, Türkiyənin və İranın bu ölkədəki səfirkliklərinin əməkdaşları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi