Yuxarı

Bu gün Aşura günüdür

Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Məhərrəm ayının 10-u - Aşura günüdür. "Report" xatırladır ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Məhərrəm ayının 10-da Kərbəlada şəhid ediliblər.

Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında vurğulanıb ki, bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn (ə) və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixinə kədərli, lakin eyni zamanda insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.

Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, inşallah, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməli, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunması üçün dualar etməlidirlər".

Bu gün məhz Aşura ilə əlaqədar Azərbaycanın hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində işləyəcək.

Bu gün respublikanın müxtəlif məscid və ziyarətgahlarında ümumilikdə 14 yerdə qanvermə aksiyası keçiriləcək.

Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təqdim edirik:

1. Yasamal rayonu Təzəpir məscidi;

2. Yasamal rayonu Hacı Soltanəli məscidi;

3. Səbail rayonu Bibi-Heybət məscidi;

4. Səbail rayonu İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu Qaraçuxur məscidi;

6. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi;

7. Nizami rayonu Keşlə qəsəbə məscidi;

8. Sumqayıt şəhər “Cümə” məscidi;

9. Gəncə şəhər “İmamzadə” məscidi;

10. Mingəçevir şəhər “Heydər” məscidi;

11. Şəki şəhər “Cümə” məscidi;

12. Lənkəran şəhəri Böyükbazar məscidi;

13. Bərdə şəhər “Cümə” məscidi;

14. Nəsimi rayonu Əjdərbəy məscidi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi