Yuxarı
    Bağlamaq

    Bakıda "Digər dinləri necə təsəvvür edirəm" adlı sərgi keçirilib

    Sərgi Sərhədsiz din mövzusunda keçirilən tədbir çərçivəsində baş tutub

    Bakı.  8 fevral. REPORT.AZ/ Bakıda HUMAN Foundation təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə "Sərhədsiz din" mövzusunda tədbir keçirilib.

    "Report" xəbər verir ki, tədbir BMT tərəfindən hər il qeyd olunan Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində keçirilib.

    Tədbirdə Azərbaycanda olan dini konfessiyaların nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), digər dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

    Dağ Yəhudiləri dini icmasının baş ravvini Avraam Yakubov bildirib ki, Bakıda 300 minə yaxın yəhudi yaşayır: "Azərbaycanda 7 sinaqoq fəaliyyət göstərir. Yəhudilər bu ölkədə öz dinlərinin qaydalarına istədikləri kimi əməl edə bilirlər. Almaniyada olan yəhudilərdən biri deyirdi ki, başında kipası ilə küçədə gəzməyə qorxur. Hətta bu kipa ilə onu görənlər öldürə də bilərlər. Amma biz Azərbaycanda istədiyimiz formada gəzə bilirik. Bu da ölkənin bütün dinlərə yaratdığı tolerant mühitən irəli gəlir".

    Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib ki, bu ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması "Multikulturalizm ili"nin məntiqi davamıdır: "Azərbaycanda əhalinin 96 faizi islam dininə etiqad edir. Burada olan digər bütün dinlərin nümayəndələri harmoniya şəklində yaşayırlar. Azərbaycan ərazisində Alban-Udi kilsəsinin saxlanması ölkədəki mövcud tolerant mühit sayəsində mümkün olub. Azərbaycanda mövcud olan multikulturalizm modelinin kökləri çox dərinə gedir. Bu torpaqda yaşayan müxtəlif xalqlar həm dinlərini, həm də dillərini qoruyub saxlaya bilmişlər".

    AMEA Şərqşünaslıq İnstitutunun doktorantı Vüsal Məmmədov islamda tolerantlıq məsələlərindən danışıb: "ABŞ-da baş verən 11 sentyabr hadisələrindən sonra dünyada islamın adı terrorla yanaşı çəkiliməyə başlanıb. İslamın terrorla heç bir əlaqəsi yoxdur. İslamın tolerant ruhunu bilmək üçün "Qurani Kərim" və islamın tarixinə baxılmalıdır. Peyğəmbər və ondan sonra gələn xəlifələrin dövründə digər dinlərin nümayəndələrinə qarşı sərgilənən tolerant münasibət heyrət doğurur. İslamda bütün dinlərin kökünün bir olduğu qəbul olunur".

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Rafiq Babayev vurğulayıb ki, islam dinində bütün insanlara bölünmədən Allahın ətəyindən yapışmaq tövsiyə olunur: "Yer üzərində Allahın xəlifəsi adını ədəbli, mehriban, digər dinlərin nümayəndələrindən olan insanlara qarşı gözəl münasibət göstərməklə qazanmalıyıq".

    Tədbirdə digər natiqlər də bütün insanların eyni Allahın bəndələri olması fikrini vurğulayıblar. Bildirilib ki, önəmli olan hansı dinə mənsubluq deyil, xeyirxah, Allaha inanan mərhəmətli insan olmaqdır.

    Qeyd edək ki, tədbirdə gənc rəssamların əl işlərindən ibarət "Digər dinləri necə təsəvvür edirəm" adlı rəsm sərgisi də təşkil olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi