Yuxarı

Azərbaycanda “Multikulturalizm” jurnalı işıq üzü görəcək

Nəşr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA və Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsidir

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycanda “Multikulturalizm” jurnalı işıq üzü görəcək. 

Bu barədə "Report"a Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətindən bildirilib.

Nəşr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsidir. 

“Multikulturalizm” jurnalı Azərbaycan Prezidentinin sərəncamı ilə “Multikulturalizm ili” elan edilməsi haqqında  nəzərdə tutulan tədbirlər planı çərçivəsində yaxın günlərdə buraxılacaq.

Jurnal “Azərbaycançılıq”, “Çoxmədəniyyətlilik”, “Terror multikulturalizmə qarşı”, “Homo sapiens”, “Tariximiz, bugünümüz”, “Höte zalı” və s. rubrika və bölmələrdən ibarət olacaq. Azərbaycan ədəbiyyatına ayrılan bölmə müasir ədəbiyyatımızın banisi Mirzə Fətəli Axundovun şərəfinə “Axundov zalı” adlandırılıb.

“Multikulturalizm”in tərəf-müqabili” adlı rubrikada tanınmış ziyalılarla ədəbi-estetik, mədəni-fəlsəfi problemlərə həsr olunmuş müsahibələr dərc etmək nəzərdə tutulur.

Jurnalın “Region” bölməsində hər dəfə Azərbaycanın bölgələrindən birinin ədəbi mənzərəsini təqdim ediləcək. 

Jurnalın ilk nömrəsində respublikamızın şimal bölgəsində yaşayıb-yaradan qələm adamlarının yaradıcılığından nümunələrlə, konkret desək, Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisində təmsil olunan şair və yazıçıların əsərləri, eləcə də, Azərbaycanda yaşayan dağ yəhudiləri icması təmsilçilərinin və Qusar şairlərinin şeirləri təqdim olunacaq.

Jurnalda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq-milli ideologiyanın kamil nümunəsi”, AMEA prezidenti, akademik Akif Əlizadənin “Точная идеологическая чел-мултикултурализм”, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin “Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək...”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur” məqalələri yer alıb.

Bundan başqa, jurnalda tanınmış yazarlar - Nəriman Qasımoğlu, Şərif Ağayar, Aqşin Yenisey, Qan Turalı, Sevda Sultanova, Ramilə Qurbanlının müxtəlif mövzularda maraqlı yazıları da var.

Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşan tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. “Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində quracaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi