Yuxarı
    Bağlamaq

    Azərbaycanda 8 dini icmaya maliyyə yardımı göstərilib

    Komitə tərəfindən ümumilikdə 104 dini icmaya maliyyə yardımı ayrılıb

    Bakı. 2 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha səkkiz dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. DQİDK-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Komitə sədrinin birinci müavini Səyyad Salahlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb. Maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədinin yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsi, Azərbaycan xalqının dərin tarixi köklərə malik tolerant və multikultural dəyərlərinin ictimaiyyətə dolğun formada çatdırılması olduğunu vurğulayan S.Salahlı müvafiq sərəncamı dövlətin dinə qayğısının ən bariz nümunəsi kimi qiymətləndirib. 

    S.Salahlı dövlət tərəfindən yalnız İslam deyil, qeyri-islam təmayüllü dini icmalara da maliyyə vəsaiti ayrılır ki, bu da Azərbaycan xalqının dərin tarixi köklərə malik multikultural dəyərlərindən qaynaqlandığını vurğulayıb.

    Komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq DQİDK tərəfindən 104 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 85-i isə İslam dini icmasıdır. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi