Yuxarı
    Bağlamaq

    Allahşükür Paşazadə: "Televiziya və radionun imkanlarından dini dəyərlərin təbliği üçün istifadə etmək vacibdir"

    QMİ sədri İranın Radio və Televiziya Təşkilatının sədr müavinini qəbul edib

    Bakı. 13 may. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə İranın Radio və Televiziya Təşkilatının sədr müavini  Mühəmməd Əhkarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

    QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə qonaqları salamlayan Şeyxülislam Azərbaycanda  müstəqilliyə qovuşduqdan sonra  dini-mənəvi həyatın dirçəldilməsi istiqamətində görülən işlər, dövlətin dini irsə qayğısı barədə məlumat verib.

    QMİ sədri iki xalq və dövlətlər arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsində KİV-in və qələm əhli olan jurnalistlərin böyük rolu olduğunu xüsusi vurğulayıb: "Televiziya və radionun geniş imkankarından müqəddəs dinimizin mənəvi dəyərlərinin təbliğatı, effektli maarifləndirmə işi üçün istifadəsi vacibdir".  

    O, Qafqaz Müsəlmanları İdarəsinin AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycanın yerləşdiyi coğrafi məkana uyğun namaz vaxtları, dini bayramları əks etdirən təqvimin hazırlanması üzərində gedən iş və iranlı alimlərlə bu sahədə aparılan məsləhətləşmələr barədə də qonagı məlumatlandırıb.

    Səmimi qəbula görə təşəkkürlərini bildirən qonaq, öz növbəsində, rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələr, dini maarifləndirmə sahəsində görülən işlər barədə Şeyxülislama məlumat verib.

    Görüşdə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və sədrin müavini Fuad Nurullah iştirak ediblər.

    Görüşün sonunda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi