Yuxarı

​ABŞ-ın Oreqon ştatının Konqresi Azərbaycanın tolerantlıq modelini təqdir edib

Bəyanatda Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunulub

Bakı. 25 fevral. REPORT.AZ/ ABŞ-ın Oreqon ştatının Senatı və Nümayəndələr Palatasının ali rəhbərliyi və digər aparıcı üzvləri 2016-cı il fevralın 24-də Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyanat veriblər.

Konsulluqdan "Report"a verilən məlumata görə, bəyanat Oreqon ştatında işgüzar səfərdə olan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Bununla əlaqədar Senat və Nümayəndələr Palatasının plenar iclaslarında müvafiq təqdimatlar keçirilib.

Bəyanatda Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristiyanların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur. Həmçinin bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində dini nifrət, terrorçuluq, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir model təşkil edir. Sənəddə o da vurğulanır ki, Azərbaycan rəhbərliyi belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynamaqda və bu prosesləri müxtəlif vasitələrlə dəstəkləməkdədir.

Eyni zamanda, 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğu və aprel ayında Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının Forumunun keçiriləcəyi qeyd olunur və bildirilir ki, ABŞ tolerant və dünyəvi müttəfiqlərini dəstəkləməli və bu səpkidə Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi