Yuxarı

19 qeyri-islam dini icmasına 380 min manat maliyyə vəsaiti ayrılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə yardımı ayrılan qeyri-islam dini icmaların sədrlərinin iştirakı ilə toplantı keçirilib

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılan qeyri-islam dini icmalarının sədrlərinin iştirakı ilə toplantı keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, 2011-ci ildən dövlət tərəfindən qeyri-islam dini icmalara maliyyə yardımı ayrılır. Həmin icmaların ölkədə fəal və səmərəli fəaliyyət göstərdiyini, Azərbaycanın maraqlarını müdafiə etdiklərini təqdirəlayiq hal kimi dəyərləndirən M.Qurbanlı dövlətin dini icmalara dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, 19 qeyri-islam dini icmaya 380 min manat maliyyə vəsaiti ayrılıb və həmin vəsait ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək.

Azərbaycanın dünyanın diqqət mərkəzində olduğunu vurğulayan Dövlət Komitəsinin sədri Azərbaycanın daha bir beynəlxalq yarışa - İlk Avropa oyunlarına ev sahibliyi edəcəyini xatırladıb.

Azərbaycanda dövlət-din münasibətlərindən danışan M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyev və Heydər Əliyev Fondu Azərbaycanda tolerantlığın və multikulturalizmin inkişafı istiqamətində böyük işlər görür, məscid, ziyarətgah, eləcə də kilsə və sinaqoqlar əsaslı təmir və bərpa olunur.

Eyni zamanda, Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda tarixən də dini ayrı-seçkiliyə yol verilməyib və ölkədə hökm sürən tolerantlıq dünyaya nümunə kimi göstərilə bilər: "Azərbaycanın ictimai-siyasi həyatında din özünəməxsus yer tutur və ölkəmizdə ictimai-siyasi və dini sabitlik hökm sürür. İstər müsəlman, istərsə də xristian ölkələri ətrafında gedən prosesləri diqqətlə izləməli və ondan nəticə çıxarmalıyıq".

Radikalizmlə mübarizədə bütün dini icmaları fəal olmağa çağıran DQİDK sədri icma sədrlərinə fəaliyyətlərində dini maarifləndirmənin genişləndirilməsinin vacibliyini tövsiyə edib.

Bakı şəhəri Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev toplantıda çıxış edərək dini icmalara pul vəsaiti ayırdığına görə dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib. İcma sədri Azərbaycanın multikultural və tolerant ölkə olduğunu qeyd edib.

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili dini maarifləndirmə nəticəsində radikalizmə qarşı mübarizə aparılmasının zəruriliyini diqqətə çatdırıb.

Sonda qeyri-islam dini icmaları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə Azərbaycanda yaşayan yəhudi, xristian və digər dinlərə mənsub müxtəlif dini qurumların rəhbərləri qeyri-islam təmayüllü dini icmalara dövlət tərəfindən maliyyə yardımı göstərilməsinə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər: "Hesab edirik ki, beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər dini qurumlarla münasibətdə bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycanın 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi