Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir
- 16 iyul, 2026
- 16:13
Ukrayna Prezidenti Volodimir Zelenski İqor Klimenkonu ölkənin müdafiə naziri postuna namizədlərdən biri adlandırıb.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi Ukrayna dövlət başçısının bəyanatına istinadən məlumat yayıb.
"İqor Klimenkoya gəldikdə, o, namizədlərdən biri kimi nəzərdən keçirilir. Amma mən hələ müvafiq sənədləri parlamentə təqdim etməmişəm. Çünki müdafiə naziri və xarici işlər naziri, bilirsiniz ki, bu, ayrıca müvafiq səsvermədir", - V.Zelenski deyib.
O, həmçinin "Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi ilə Müdafiə Nazirliyi arasında birlik" görmək istədiyini bildirib. V.Zelenski qeyd edib ki, hazırda bəzi məsələləri onun iştirakı ilə həll etmək lazım gəlir, çünki bu qurumların rəhbərliyi "o olmadan danışıqlar masası arxasına əyləşmir".
"Müharibə vaxtı prezident belə bir vəziyyətdə seçim etməməlidir. Mən birliyin olmasını çox istərdim. Tərəflər bunu tapa bilmədilər və bu yalnız tərəflərin deyil, həm də mənim problemimdir", - V.Zelenski bildirib.
Ukrayna lideri, həmçinin qeyd edib ki, 2026-cı ilin yanvarından Ukraynanın Müdafiə Nazirliyinə rəhbərlik edən Mixail Fyodorov prezidentin komandasında qalacaq. Lakin o, hansı vəzifədə olacağını dəqiqləşdirməyib.
"Əminəm ki, Mixail Fyodorov komandada qalacaq. Bunun necə olacağını bir az sonra müzakirə edəcəyik", - o vurğulayıb.
Bu sözləri öz brifinqində çıxış edərkən M.Fyodorov özü də təsdiqləyib.
Müdafiə Nazirliyinin sabiq rəhbərinin sözlərinə görə, Zelenski ona komandada qalmağı, xüsusən də müşavir vəzifəsini təklif edib.
"Dünən prezidentlə söhbətimiz oldu. O, müşavir olmağı və ya komandada qalmağın başqa bir yolunu tapmağı təklif etdi. Mən məsləhətçi vəzifəsindən imtina etdim. Mənim heç vaxt nazir olmaq, nazir qalmaq, özümə vəzifə axtarmaq və s. kimi bir məqsədim olmayıb", - M.Fyodorov vurğulayıb.
Qeyd edək ki, hazırda Ukraynanın müxtəlif şəhərlərində Mixail Fyodorovun müdafiə naziri postundan istefaya göndərilməsinə qarşı etiraz aksiyaları keçirilir. Bu etirazları şərh edən Zelenski bildirib ki, vətəndaşların hətta hərbi vəziyyət şəraitində belə öz mövqelərini bildirmək hüququ var və əmin edib ki, Ukrayna hakimiyyəti cəmiyyətə qulaq asır və onun tələblərinə reaksiya verir.
Xatırladaq ki, 14 iyul 2026-cı ildə Ukraynanın Ali Radası Baş nazir Yuliya Sviridenkonu istefaya göndərib. Ukrayna qanunvericiliyinə əsasən, baş nazirin istefası avtomatik olaraq bütün hökumətin (Nazirlər Kabinetinin) tam tərkibdə istefası deməkdir.
Qeyd edək ki, bu gün Ali Rada Sergey Koretskini Ukraynanın Baş naziri təyin edib. Parlamentin iclasında Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülmüş Koretskinin namizədliyinin lehinə 289 xalq deputatı səs verib.