Yaponiyada bölgə hökuməti ABŞ bazasının köçürülməsi ilə əlaqədar referendumun keçirilməsini təsdiqləyib
- 26 oktyabr, 2018
- 12:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 oktyabr. REPORT.AZ/ Yaponiyanın cənubunda yerləşən Okinava prefekturasının hökuməti ABŞ hərbi bazasının ərazisindən köçürülməsi ilə bağlı referendum keçirilməsi haqqında qanun layihəsini təsdiqləyib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qanun layihəsi üzrə səsvermə qeyri-hökumət təşkilatının üzvlərinin bu ilin sentyabr ayında ABŞ bazasının adadan köçürülməsi ilə bağlı referendum keçirilməsi üçün birbaşa müraciət etməsindən sonra baş tutub.
Okinavanın qubernatoru Denni Tamakonun sözlərinə görə, bu qərar hər bir Okinava sakininə bu məsələdə öz iradəsini açıq şəkildə ifadə etmək imkanı yaratdığına görə vacibdir.
Yaponiya qanunvericiliyinə görə, referendum qanunun qəbul edildiyi gündən sonrakı altı ay ərzində keçirilməlidir.
Qeyd edək ki, Okinava Yaponiya ərazisinin yalnız 0,6%-ni təşkil edir, amma ABŞ hərbi obyektlərinin 74%-i və ABŞ-ın Yaponiyadakı Silahlı Qüvvələrinin yarısından çoxu orada yerləşir. Prefektura administrasiyasının məlumatına görə, Okinavada 25,8 min amerikalı hərbçi və 19 min hərbçi ailəsi üzvü və mülki ABŞ vətəndaşı yaşayır.