ABŞ və Çin arasında münasibətlərin istiləşməsi Azərbaycanda keçiriləcək COP29-un müsbət nəticələrinə ümid etməyə imkan verir.
“Report” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev AFP-yə eksklüziv müsahibəsində deyib.
Onun sözlərinə görə, son vaxtlar beynəlxalq danışıqlarda özlərini tez-tez qlobal Şimal və Cənub liderləri kimi mövqeləndirən dünyanın iki ən böyük iqtisadiyyatı - ABŞ və Çin arasında fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində irəliləyiş gözə dəyir.
O qeyd edib ki, iqlim maliyyələşdirilməsi məsələsində ABŞ və Çinin mövqelərinin yaxınlaşması Bakıda keçiriləcək sammitdə irəliləyiş şanslarını artırır.
“ABŞ və Çinin mövqeləri arasında çox geniş uçurum var idi. İndi bu fikir müxtəlifliyi daralır və biz əhəmiyyətli irəliləyişlər görürük. Bu, bizə COP29-da müsbət nəticəyə ümid edə biləcəyimizə ümid verir”, - o söyləyib.
Rəfiyev qeyd edib ki, Azərbaycan COP29-un uğuru üçün qlobal atəşkəsə çağırır.
Xatırladaq ki, təxminən 10 il əvvəl zəngin ölkələr, o cümlədən ABŞ, Avropa İttifaqı, Yaponiya və başqaları iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrə hər il 100 milyard ABŞ dolları ayırmağa söz vermişdi. Amma bu hədəfə ilk dəfə yalnız 2022-ci ildə nail olunub, özü də vəsaitlərin əksəriyyəti yüksək faizli kreditlər şəklində daxil olub və bu, sərt tənqidlərə və vədlərin yerinə yetirilməməsi ilə bağlı ittihamlara səbəb olub. Hindistan maliyyələşdirməni ildə 1 trilyon ABŞ dollarına çatdırmağa çağırıb.
Rəfiyev vurğulayıb ki, COP29-un uğuru yekun maliyyələşdirmə məbləği ilə bağlı konsensus əldə olunacağı təqdirdə mümkündür.
Onun sözlərinə görə, Azərbaycan Bakıda keçiriləcək konfransa qədər yeni iqlim strategiyasını açıqlamaq üçün əlindən gələni edəcək və öz hərəkətlərini COP-un növbəti və əvvəlki təşkilatçıları olan Braziliya və BƏƏ ilə koordinasiya edir.
Rəfiyev qalıq yanacaqlardan asılılığın Azərbaycanı iqlim sammiti üçün yararsız yerə çevirməsi ilə bağlı ehtimalları rədd edib. “Qalıq yanacaqlardan əldə etdiyimiz gəlirlərimizi xalqımızın rifahına sərmayə etmişik. İndi isə Azərbaycan qətiyyətlə daha “yaşıl” gələcəyə diqqət ayırır”, - o deyib.
Baş danışıqçı qeyd edib ki, ölkə tullantıların azaldılması ilə bağlı qlobal öhdəlik imzalayıb və 2030-cu ilə qədər enerji kompleksində bərpa olunan enerjinin payını 30 %-ə çatdırmağı öhdəsinə götürüb.
“Konfransın keçirilməsi bizi enerjiyə keçidimizi sürətləndirməyə və iqlimə davamlılığımızı gücləndirməyə ruhlandırıb”, - Rəfiyev bildirib.
Azərbaycan qlobal istixana qazı emissiyalarının təxminən 6 %-ni hərbi fəaliyyətlə bağlı olduğunu göstərən araşdırmalara istinad edərək sammit müddətində münaqişələrdə qlobal barışığa çağırıb.