Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək - YENİLƏNİB
- 23 dekabr, 2019
- 00:45
Xorvatiyanın müxalif Sosial Demokrat Partiyasının namizədi Zoran Milanoviç və ölkənin hazırkı prezidenti Kolinda Qrabar-Kitaroviç prezident seçkilərinin ikinci turunda iştirak edəcəklər.
“Report” xəbər verir ki, seçki bülletenlərinin 96%-nin sayılmasının nəticələrinə görə, Milanoviç 29,6%, Kolinda Qrabar-Kitaroviç 26,77%, müğənni və iş adamı Miroslav Şkoro isə 24,42 % səs toplayıb.
Beləliklə, namizədlərdən heç biri səslərin yarısından çoxunu (50% üstəgəl bir səs) toplamadığına görə seçkilərin ikinci turu baş tutacaq və burada Zoran Milanoviçlə Kolinda Qrabar-Kitaroviç mübarizə aparacaq.
İkinci tur yanvarın 5-nə planlaşdırılıb.
*** 01:27
Müxalif Sosial Demokrat Partiyasının nümayəndəsi və ölkənin keçmiş baş naziri Zoran Milanoviç 29, 64 faiz səslə Xorvatiya prezidenti seçkilərində liderlik edir.
“Report” RİA “Novosti” istinadən xəbər verir ki, bu barədə Dövlət Seçki Komissiyası açıqlama verib. Qeyd olunub ki, artıq səslərin 91,98% -i hesablanıb.
Xorvatiyanın hazırkı prezidenti Kolinda Qrabar-Kitaroviç seçicilərin 26,92 faiz, müğənni və iş adamı Miroslav Şkoro isə 24,29 faiz səsini toplayıb.
“Exit-poll”un nəticələrinə görə, seçkilərdə ölkənin keçmiş baş naziri Zoran Milanoviç liderdir.