Serbiya Prezidenti Aleksandar Vuçiç Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli əməkdaşlığın müzakirə edildiyi telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Vuçiç sosial şəbəkə hesabında yazıb.
“Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli əməkdaşlığın bütün vacib məsələləri üzrə məzmunlu və yaxşı söhbət oldu. Serbiya bu yaxınlarda Kiyevdə öz səfirliyini yenidən açıb və ümid edir ki, onun fəaliyyəti münasibətlərin yaxşılaşmasına əlavə töhfə verəcək. Biz ölkələrimizin Avropa yolunu, həmçinin gələcəkdə ikitərəfli səfərlərin daha tez-tez baş tutması imkanını müzakirə etdik”, – deyə o bildirib.
Xatırladaq ki, dekabrın 24-də Serbiya iki ildən çox fasilədən sonra Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edib. Kiyevdəki Serbiya səfirliyində olan serb diplomatlar 2022-ci ilin martında təhlükəsizlik səbəbindən vətənlərinə təxliyə edilmişdilər. O zaman respublikanın XİN-i bildirmişdi ki, əməkdaşlar geri qayıtmaq üçün şərait yaranana qədər öz işlərini Belqraddan davam etdirəcəklər.