Vuçiç: NIS məsələsində yekun həllə yaxınıq
- 25 iyul, 2026
- 01:42
Serbiya NIS məsələsində yekun həllə yaxındır.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç RTS-ə müsahibəsində deyib.
O bildirib ki, ilk dəfədir, NIS şirkəti ilə bağlı Rusiya, Macarıstan və Serbiya arasında aparılan danışıqların uğurla başa çatacağına nikbin yanaşır və tərəflərin yekun razılaşmaya yaxın olduğunu düşünür:
"Düşünürəm ki, ilk dəfə olaraq xoş xəbəri bölüşə bilərəm – ruslar, macarlar və serblər arasında aparılan üçtərəfli danışıqların nəticəsini nikbinliklə gözləyirəm və inanıram ki, bu prosesi başa çatdıra biləcəyik. Məncə, bütün bunları diqqətlə izləyən amerikalılar da artıq bu məsələnin sona yaxınlaşdığını görürlər. Hesab edirəm ki, yekun həllə çox yaxınıq".
Onun sözlərinə görə, bu razılaşma Serbiyanın fiskal sabitliyini, kredit reytinqini və ümumilikdə iqtisadi mövqeyini daha da gücləndirəcək:
"İnanıram ki, bu məsələni qarşıdakı bir ay ərzində yekunlaşdıra biləcəyik".
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) daha əvvəl NIS şirkətinin fəaliyyət lisenziyasının müddətini iyulun 31-dək uzadıb. Eyni zamanda, Rusiyanın NIS-dəki payının alınması ilə bağlı danışıqlar aparan Macarıstanın MOL şirkətinə verilmiş icazənin müddəti də iyulun sonunadək uzadılıb.