Venesuela ərazisinin 25 %-də Milli Enerji Sisteminə qarşı terror hücumu nəticəsində elektrik təchizatında fasilələr baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Bolivar Respublikasının elektroenergetika naziri Xose Markes “Venezolana de Televisión” telekanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, “paytaxt dairəsi də daxil olmaqla Venesuela ərazisinin 25 %-i elektrik ötürmə sisteminə qarşı yeni terror hücumundan zərər çəkib”.
O vurğulayıb ki, “xalq işləyib irəli getdiyi bir vaxtda terrorçular ölkəyə zərər vurmağa çalışırlar”. Markes qeyd edib ki, “terrorçular fəhlələrə, təqaüdçülərə, xəstələrə, məktəbdəki uşaqlara zərər vermək üçün yollar axtarır, narahatlıq yaratmaq və iğtişaşlar törətmək üçün Milli Enerji Sisteminə hücum edirlər”.
Nazir bildirib ki, yaxın saatlarda ölkənin bütün ərazisində elektrik enerjisinin verilməsinin bərpası üçün tədbirlər görülüb.