Vatikandakı Müqəddəs Petri Bazilikasında dünyadan köçmüş Papa XVI Benediktlə vida mərasimi başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.
Papanın cənazəsi bazilikanın mərkəzində tabutsuz sərgilənir, ona qırmızı liturgik paltar geyindirilib və əlində rozari (katolik kilsəsində istifadə edilən dualar toplusuna və komponent dualarını saymaq üçün istifadə edilən düyünlər və ya muncuqlar silsiləsi – red.) var.
Səhər saatlarından mərhumla vidalaşmaq istəyənlər növbəyə düzülüb. Vida ümumilikdə üç gün davam edəcək. Bu gün mərasimdə İtaliyanın Baş naziri Corc Meloni də iştirak edib. Dəfn mərasiminə 60 minə yaxın insanın qatılacağı gözlənilir.
Xatırladaq ki, XVI Benedikt dekabrın 31-də 95 yaşında vəfat edib. O, səhhətinə görə “təqaüdə çıxan” ilk Papa olub və ömrünün son 10 ilini monastırda yaşayıb.