Ukraynaya səhiyyə yardımlarına dair başlıca çətinliklər açıqlanıb

Ukraynaya səhiyyə yardımlarına dair başlıca çətinliklər açıqlanıb Dünya Səhiyyə Təşkilatı (WHO) Ukraynaya yardımları üçün zəruri olan 18 milyon dollar vəsaitin çatdırılmasını gözləyir.
Digər ölkələr
22 Aprel , 2022 17:36
Ukraynaya səhiyyə yardımlarına dair başlıca çətinliklər açıqlanıb

Ümumdünya Səhiyyə Təşkilatı (WHO) Ukraynaya yardımlar üçün zəruri olan 18 milyon dollar vəsait gözləyir.

Bunu “Report”a WHO-nun sözçüsü Tariq Yasareviç bildirib.

Ukraynaya yardım üçün 57,5 milyon dollar istədiklərini qeyd edən qurum rəsmisi bunun 38,2 milyon dollarını əldə etdiklərini deyib: “WHO vaxtında göndərilən vəsaitlərə görə Kanada, İrlandiya, Yaponiya, Norveç, İsveçrə hökumətlərinə, “Novo Nordisk” fonduna, BMT Mərkəzi Fövqəladə Hallara Yardım Fonduna təşəkkür edir. Təcili yardımları ən çox ehtiyac duyulduğu yerlərə çatdıra bilməyimiz üçün maliyyə yenə də başlıca əhəmiyyət daşıyır”.

İndiyədək Ehtiyat Fondundan 10,2 milyon dollar ayırmış təşkilat həmçinin Ukraynaya 218 metrik ton ilkin tələbat ləvazimatı və tibbi avadanlıq göndərib ki, bunun 142 metrik tonu, yəni üçdə ikisinə qədəri artıq əsasən daha kəskin vəziyyət yaranmış şərq və şimal bölgələrinə çatdırılıb.

“Biz Ukraynanın ən çox ziyana uğramış bölgələrinə həyati əhəmiyyət daşıyan dava-dərmanı çatdırmaq üçün 100-dək yerli və beynəlxalq tərəfdaşla çalışırıq. Mariupola, mühasirədə olan başqa şəhərlərə çata bilmək üçün təhlükəsiz dəhliz təmin etməyə çağırışımızı bir daha təkrar edirik” – deyən təşkilat sözçüsü başlıca çətinliklər kimi tibbi mərkəzlərdə, apteklərdə dava-dərman qıtlığını, tibbi xidmətlər göstərmək üçün nəqliyyat vasitələri tapılmamasını, döyüşlər getdiyi üçün təhlükəsizliyin təmin olunmamasını, tibb mərkəzlərində işçi heyətinin azlığını göstərib.

“Ukraynadakı ölkə ofisimiz ölkənin qərbinə köçürülsə də, tam fəaliyyət göstərir” – deyə Yasareviç əlavə edib.

Son xəbərlər

Orphus sistemi