“Taxıl sazişi”ni qüvvədə saxlamaq üçün Türkiyə və BMT Rusiya ilə danışıqları davam etdirməlidir.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın hakim "Xalqın xidmətçisi” partiyasından deputatı Yuriy Kamelçuk bildirib.
Onun sözlərinə görə, Türkiyə artıq bu məsələdə müəyyən irəliləyişin əldə olunduğunu və bəlkə də heç bir problemin yaşanmayacağını bəyan edir:
“İnanmaq istərdik ki, belə də olacaq. Ukrayna Rusiya ilə birbaşa heç bir sənəd imzalamayıb. Həm Rusiya, həm də Ukrayna bu sazişin qarantı olan BMT və Türkiyə ilə sənəd imzalayıblar. Buna görə də dünyada ərzaq böhranının yaşanmaması üçün həm BMT, həm Türkiyə, həm də ABŞ Rusiyaya təzyiq etməlidir”.
Deputat vurğulayıb ki, Rusiya “Taxıl sazişi”indən çıxacağını və Ukraynadan taxılı bütün dünyaya ixrac etməyə imkan verəcəyini bəyan etməsi səbəbi bəllidir:
“Onlar bu məsələdə Ukraynanın əsas rəqibləridir və Xerson vilayətindən onsuz da kifayət qədər taxıl oğurlayaraq Suriya və İran kimi ölkələrə göndərməyə imkan tapıblar. Bununla onlar büdcəni hər hansı yolla doldurmağa çalışırlar. Çünki neft və qaz məhdudiyyətləri, normal demokratik ölkələrin Rusiya ilə əməkdaşlıq etmək istəməməsi onsuz da Rusiya üçün problemlər yaradır. Amma elə ölkələr də var ki, hələlik Rusiya ilə işləyirlər”.
Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan və İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub. Rusiya oktyabrın 29-da birtərəfli qaydada bu sazişdən imtina edib.