Bakı. 29 noyabr. REPORT.AZ/ Ukraynanın 10 regionunda hərbi vəziyyətin tətbiqinə dair qanun bu gün "Uryadovıy kuryer" hökumət qəzetində nəşr olunub və bununla da qanun rəsmən qüvvəyə minib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, sənədin mətnində hərbi vəziyyətin 10 vilayətdə - Vinnitsa, Luqansk, Nikolayev, Sumı, Odessa, Xarkov, Çerniqov, Donetsk, Zaporojya, Herson vilayətlərində, eləcə də Azov-Kerç akvatoriyasının daxili sularında tətbiq olunduğu deyilir.
Hərbi vəziyyət şəraitində səfərbərlik Ukrayna Prezidenti tərəfindən elan olunur.
Ümumiyyətlə, noyabrın 26-da Ali Rada Ukrayna Prezidentinin ölkənin 10 vilayətində 30 gün müddətinə hərbi vəziyyət tətbiq edilməsinə dair fərmanını təsdiq edib.
Xatırladaq ki, noyabrın 25-də üç Ukrayna gəmisu Rusiya FTX tərəfindən Kerç boğazında saxlanılıb.