Türkiyəli tədqiqatçı: Rusiya–Çərkəz müharibəsi çərkəz xalqının məhv edilməsi siyasəti idi
- 06 iyul, 2026
- 13:38
Yeniliklərdən dərhal xəbərdar olun!
1763–1864-cü illərdə baş vermiş Rusiya-Çərkəz müharibəsi sadəcə bir müharibə deyil, çərkəz xalqının məqsədyönlü şəkildə məhv edilməsi siyasəti idi.
"Report"un Şuşa şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu türkiyəli tədqiqatçı-jurnalist və analitik Nalan Yazgan Eriş "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" beynəlxalq konfransı çərçivəsindəki panel müzakirəsində bildirib.
"Rusiya işğalının ən məşhur simalarından biri olan general Qriqori Zass çərkəzlərin kəllə sümüklərini qənimət kimi toplaması ilə bədnam şöhrət qazanmışdı. Bu gün də Şimali Qafqazın bəzi bölgələrində general Zassın şərəfinə ucaldılmış abidələr mövcuddur və onun xatirəsinə həsr olunmuş rəsmi tədbirlər keçirilir. Soyqırımı qurbanlarının varisləri üçün belə ictimai tərənnüm barışığın deyil, tarixi zorakılığın davam etməsinin rəmzidir", - o deyib.
Analitik qeyd edib ki, müasir Rusiyada çərkəzlərə həsr olunmuş dinc anım tədbirlərinin keçirilməsi üçün belə şərait yaradılmır.
Onun sözlərinə görə, 2025-ci ildə Nalçik şəhərində keçirilən səssiz anım yürüşünün iştirakçıları inzibati qaydada həbs edilmişdilər.
"1864-cü il çərkəz soyqırımının hüquqi, siyasi və mədəni nəticələri bu gün də qurbanların nəsillərinin həyatına təsir göstərməkdə davam edir", - o əlavə edib.
Türkiyənin Çukurova Universitetinin tədqiqatçısı və professoru Cahit Aslan isə qeyd edib ki, dünyanın fərqli ölkələrində yaşayan milyonlarla çərkəz ailə xatirələri, mədəni rituallar və anım mərasimləri vasitəsilə kollektiv yaddaşlarını ayıq saxlamağa çalışırlar.
"Çərkəz kimliyi" anlayışı tarix boyu müxtəlif mənalarda istifadə olunub. Dar mənada o, adıgeyləri ifadə edir, daha geniş mənada isə Şimali Qafqazdan sürgün edilmiş bir çox yerli xalqları özündə ehtiva edən üst kimlik mənasındadır", - deyə o bildirib.
Professorun sözlərinə görə, Sovet dövründə Kreml tərəfindən həyata keçirilən Şimali Qafqaz xalqlarının, o cümlədən qaraçaylıların, balkarların və çeçenlərin deportasiyaları da kollektiv yaddaşda dərin iz buraxıb.
"Kollektiv yaddaş yalnız keçmişi xatırlama forması deyil, eyni zamanda gələcəyi inşaetmə iradəsidir. Kimlik ancaq yaddaş olduqda canlıdır, yaddaş isə mədəni irsin ötürülməsi yolu ilə diridir. Bu səbəbdən çərkəz milli kimliyi keçmişdən qidalanan, lakin gələcəyə yönələn dinamik bir proses kimi dəyərləndirilməlidir", - Cahit Aslan vurğulayıb.
Konfransa Almaniyadan videobağlantı ilə qoşulan "Azad Millətlər Liqası"nın İdarə Heyətinin üzvü Rustam Xuajev Rusiyadakı hazırkı vəziyyəti xarakterizə edib.
"Dövlət insanlara necə düşünməli olduqlarını, nəyin doğru hesab edilməli olduğunu və özlərini kim kimi hiss etməli olduqlarını diktə etməyə çalışır. Məhz burada ayrı-seçkiliyin ən təhlükəli forması başlayır. Bu, artıq təkcə siyasi deyil, həm də mədəni, sosial və psixoloji xarakter daşıyan sistemli ayrı-seçkilikdir. Yerli xalqların real siyasi təmsilçiliyi zəifləyir, cəmiyyətin hakimiyyətə təsir mexanizmləri tədricən aradan qaldırılır və qərarların insanların iştirakı olmadan qəbul edildiyi mərkəzləşdirilmiş idarəetmə sistemi daha da gücləndirilir", - o qeyd edib.
Xuajevin sözlərinə görə, problem institusional ayrı-seçkiliklə məhdudlaşmır.
"Biz gənclərin kütləvi şəkildə saxlanılması, həbs edilməsi və onların ailələrinə təzyiq göstərilməsi halları ilə üzləşirik. İnsanların daxilən yaşatdığı dəyərləri heç bir fərman və ya inzibati qərarla dəyişdirmək olmaz. Ayrı-seçkilik sistem xarakteri aldıqda inkişaf üçün heç bir imkan qalmır", - o bildirib.
ABŞ-dən videobağlantı ilə çıxış edən Dünya Çərkəz Agentliyinin təmsilçisi Fatima Tlis tarixi ədalətin təmin edilməsinin ən mühüm vəzifə olaraq qaldığını vurğulayıb.
"Bir xalq azadlıq iradəsini və milli kimliyini qorunub saxlayırsa, onu tarix xəritəsindən silmək və ya süni inzibati sərhədlər daxilində assimilyasiya etmək cəhdləri uğursuzluğa məhkumdur. Çərkəzlərin tarixi vətəni ana dilinin öyrənilməsinin məhdudlaşdırıldığı, qayıtmaq hüququnun bloklandığı müstəmləkə zülmü ərazisi kimi qaldıqca milli respublikaların konstitusiyalarının suveren məzmundan məhrum edilməsi davam etdikcə çərkəz məsələsi də açıq bir problem və tektonik siyasi dəyişiklik mənbəyi olaraq qalacaq", - o bildirib.