ABŞ prezidenti Donald Tramp Ağ Evdə səhiyyə naziri Aleks Azar, senator Mitt Romin və tütün sənayesi nümayəndələri ilə görüşdə jurnalistlərin elektron siqaret - "veypinq"lə bağlı problemlərə və onun qadağan olunması perspektivləri barədə suallarını cavablandırıb.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" bildirib.
ABŞ lideri Birləşmiş Ştatlarda elektron siqaretlərin qanuni istifadəsinə görə minimal yaş həddinin 21-ə qədər qaldırılacağını təsdiqləyib.
Ağ Evin başçısı ABŞ-da 1920-ci ildən 1933-cü ilə qədər qüvvədə olan spirtli içkilərin qadağan edilməsi qanununu xatırladıb. Onun fikrincə, əgər "veypinq" tamamilə qadağan edilsə, onu ölkəyə qeyri-leqal gətirəcəklər.
"Küçələrdə dəhşətli şeylər satacaqlar", - deyə Tramp vurğulayıb.
Bundan başqa, Tramp səhiyyə təşkilatları nümayəndələrinin tələb etdiyi dadverən əlavələrlə elektron buxarlandırıcıların tamamilə qadağan edilməsi perspektivi haqqında da danışıb.
Daha əvvəl də xəbər verilib ki, ABŞ administrasiyası elektron siqaretin 21 yaşdan kiçik şəxslərə satışını qadağan etmək istəyir. “Uşaqlarımıza qayğı göstərməliyik. Bu, xüsusilə vacibdir. 21 yaş və ya daha çox yaş məhdudiyyətimiz olacaq", - deyə Tramp bir neçə həftə əvvəl bildirib.
Xatırladaq ki, ABŞ-da spirtli içkilərin qadağan edildiyi dövrdə ondan qanunsuz və gizli istifadə halları artıb.
ABŞ-da elektron siqaretlə bağlı xəstəliklərlə əlaqədar ölüm hadisələrinin sayı 30-u ötüb.