ABŞ prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsindəki paylaşımlarının Birləşmiş Ştatların ədliyyə naziri və baş prokuroru Uilyam Barrın işini çətinləşdirməsi fikri ilə razılaşıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
"Bəli, mən onun işini daha da çətinləşdirirəm. Mən bununla razıyam, düşünürəm ki, bu, həqiqətdir”, - Tramp Kaliforniya ştatına uçuşdan əvvəl jurnalistlərə bildirib.
"Mən sosial şəbəkələrdən istifadə edirəm. Güman edirəm ki, onlardan yaxşı istifadə edirəm, çünki indi buradayam. Sosial şəbəkələr mənim üçün çox əhəmiyyətlidir", - Tramp davam edib.
ABŞ dövlət başçısı qeyd edib ki, o, öz fikirlərini sosial şəbəkədə ifadə edə bilər. "Mənim bu səsim mətbuatda, KİV-də yoxdur", - dövlət başçısı əlavə edib.
ABŞ prezidenti yenidən vurğulayıb ki, o, Barra tamamilə etibar edir. "Hər kəs öz fikrini ifadə etmək hüququna malikdir", - dövlət başçısı deyib.