“Birləşmiş Ştatların koronavirusa yoluxma hallarının sayı üzrə dünyada birinci yerə çıxması yaxşı işləyən sistemlə izah olunur”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə keçirdiyi brifinqdə deyib.
ABŞ prezidentindən Birləşmiş Ştatların koronavirusa yoluxanların sayına görə Çini ötməsi barədə son məlumatları şərh etməyi xahiş ediblər. “Düşünürəm ki, bu, bizim sınağı necə keçirməyimizlə izah olunur. Biz inanılmaz sayda insanı yoxlayırıq", - ABŞ prezidenti bildirib.
"Əminəm ki, Çində kimi yoxlamalarını və kimi yoxlamadıqlarını demək mümkün deyil. Düşünürəm ki, bu, kifayət qədər çətindir", - Tramp iddia edib. "Heç kim bilmir ki, Çində hansı rəqəmlər mövcuddur", - ABŞ prezidenti deyib.
Qeyd edək ki, ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyanın bütün dövlətlərini qabaqlayıb. Birləşmiş Ştatlarda azı 81 321 koronavirusa yoluxma qeydə alınıb. Bu rəqəm Çin və İtaliyadan, eləcə də dünyanın istənilən ölkəsindən çoxdur.
Ölkədə virusdan 1 000-dən çox ölüm hadisəsi baş verib.