Tayvanda təxminən son 60 ilin ən güclüsü olan “Kraton” tayfununun adanın cənub-qərbinə yaxınlaşması nəticəsində 1 nəfər ölüb, 70 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Tayvanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Fövqəladə Qərargahı məlumat yayıb.
Məlumata görə, tayfunun mərkəzi Qaosyun limanından 100 km cənub-qərbdə yerləşir, onun daxilində küləyin sürəti 50 m/s-ə çatır. Tayfunun oktyabrın 2-də gecə saatlarında sahilə çatacağı gözlənilir.
Qeyd edək ki, “Kraton” tropik fırtınası sentyabrın 28-də Filippin yaxınlığında yaranıb, ertəsi gün isə tayfuna çevrilib. Onun təxminən son 60 ildəki ən güclü tayfun olması səbəbilə Tayvanda fırtına xəbərdarlığı elan edilib, çərşənbə gününə planlaşdırılan bütün daxili reyslər ləğv olunub.