Bakı. 27 avqust. REPORT.AZ/ Rəsmi Düşənbə Tacikistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin ötən gecə Əfqanıstanın Taxar vilayətinin Darkad rayonuna hava zərbələri endirməsi ilə bağlı KİV-də yayılmış məlumatı təkzib edib.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Başqa dövlətin ərazisinə hava zərbələri endirmək hüququmuz yoxdur. Buna ehtiyac yaranırsa, əvvəlcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qərargahı toplanır və güc tətbiqi məsələsi müzakirə olunur. Və yalnız hərbi qurumların uzun-uzadı məsləhətləşmələrindən sonra belə qərar qəbul edilə bilər", - Tacikistan Milli Təhlükəsizlik Komitəsindəki mənbə deyib.
***12:04
Tacikistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ötən gecə Əfqanıstanın şimal-şərqində yerləşən Taxar vilayətinin Darkad rayonuna zərbələr endirib.
"Report" "Khaama Press" agentliyinə istinadən xəbər verir ki, bir gün öncə yerli narkotacirlər olduğu ehtimal edilən qruplaşma ilə Tacikistan sərhədçiləri arasında atışma olub.
Tacikistan Milli Təhlükəsizlik Komitəsindən bildirilib ki, Əfqanıstandan olan bir qrup sərhəd pozucusunun hücumu nəticəsində iki tacik meşəbəyi öldürülüb, biri ağır yaralanıb. Hadisə iki ölkənin sərhədi yaxınlığında baş verib.