Yuxarı

​MKİ-nin keçmiş əməkdaşı: "SSRİ Çe Gevaranın hakimiyyətə gəlməsində maraqlı deyildi"

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi kubalı inqilabçı Çe Gevaranın qətlini planlaşdırmayıb

Bakı. 15 avqust. REPORT.AZ/ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) kubalı inqilabçı Çe Gevaranın qətlini planlaşdırmayıb, əksinə, onun həyatda qalması üçün maksimum səy göstərib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Çe Gevaranın məhv edilməsi əməliyyatında iştirak edən MKİ-nin keçmiş əməkdaşı Feliks Rodriges Latviyanın "Baltkom" radiostansiyasına müsahibəsində bildirib. 

"Biz Vaşinqtonu tərk etməmişdən əvvəl MKİ-dən göstəriş gəldi ki, əgər Çe Gevaranın ələ keçirilməsi əməliyyatı baş tutarsa, biz onun həyatda qalması üçün maksimum səy göstərməliyik. Sonralar mən bunun səbəbini anladım. Çe Gevara Kuba rejiminə qarşı çıxış edirdi, onun ideologiyası tam başqa idi... Çe Çinin mövqeyini dəstəkləyirdi. O vaxtlar Kuba Sovet İttifaqından çox asılı idi, lakin SSRİ Çe Gevaranın hakimiyyətə gəlməsində maraqlı deyildi. Çünki bu, Çin və Mao üçün faydalı olan inqilab demək idi", - MKİ-nin keçmiş əməkdaşı deyib.

Qeyd edək ki, Feliks Rodriges 1967-ci ildə MKİ-nin səlahiyyətli müşaviri kimi II reyncer batalyonunun tərkibində Çe Gevaranın gizləndiyi Boliviyaya göndərilib. Batalyonun qarşısında Ernesto Çe Gevaranın kommunist partizan dəstəsini məhv etmək vəzifəsi qoyulub. 1967-ci il oktyabrın 8-də dəstə məhv edilib, Çe Gevara isə əsir götürülüb və güllələnib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi