Somalidə parlamentin konstitusiyaya etdiyi dəyişikliklə prezidentin və parlament üzvlərinin artıq xalq tərəfindən seçiləcəyi qərara alınıb.
"Report" xəbər verir ki, Somali Parlamentin sədri Şeyx Adan Madobe mətbuata açıqlamasında konstitusiyaya dəyişikliklərin edildiyi barədə məlumatı verib.
Madobe bildirib ki, dəyişikliyə əsasən, bundan sonra prezidenti və parlament üzvlərini xalq seçəcək. O, həmçinin qərarla prezidentin səlahiyyət müddətinin 4 ildən 5 ilə yüksəldildiyini açıqlayıb və prezidentə həm də baş naziri təyin etmək və istədiyi vaxt vəzifədən azad etmək səlahiyyətinin verildiyini qeyd edib.
Somali parlamentinin qəbul etdiyi qərar bəzi siyasətçilər və Putland kimi bəzi ştatlar tərəfindən tənqid edilib.
Qeyd edək ki, Somali "4.5 sistemi" adlanan qəbilə mərkəzli sistemi ilə idarə olunur. Ölkənin dörd ən böyük tayfası parlamentdə bərabər sayda təmsil olunduğu halda, digər tayfalar seçdikləri nümayəndələrin yarısı ilə parlamentdə təmsil olunurlar.