Bakı. 24 dekabr. REPORT.AZ/ Suriyada gedən vətəndaş müharibəsi ərzində dünya mədəni irsinin 290 obyeti məhv edilib və ya ciddi dağıntıya məruz qalıb.
"Report" xəbər verir ki, bu barədə BMT-nin məlumatında bildirilir.
Peyk vasitəsi ilə çəkilən şəkillərə əsasən, daha çox Hələb və Rəqqa şəhərlərindəki abidələr, həmçinin qədim Palmir şəhərinin xarabalıqları ziyan çəkib.
BMT-nin məlumatına görə, 24 obyekt tam olaraq dağılıb, daha 104 obyektə ciddi ziyan dəyib, digər abidələrin ziyana uğrama dərəcəsini müəyyən etmək hələ ki, mümkün olmayıb.
Dağıntıya məruz qalan abidələr arasında, dünyanın ən qədim qalalarından hesab olunan Hələb qalası, Dəməşqdə minarəsi dağılan Əməvilər məscidi, həmçinin ciddi dağıntıya məruz qalan səlibçilərin Krak de Şevalye qalası var.