“Çin Ukrayna münaqişəsində nüvə silahının istifadəsinə qarşıdır və beynəlxalq ictimaiyyətin mümkün qədər tez bir zamanda Moskva ilə Kiyev arasında danışıqlar prosesinə start verməsinə təkid edir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib.
“Mövcud vəziyyətdə beynəlxalq birlik Ukrayna böhranının sülh yolu ilə həlli üçün qüvvələrini birləşdirməli və mümkün olan hər şeyi etməlidir”, - o vurğulayıb.
Çin liderinin sözlərinə görə, tezliklə birbaşa dialoq qurmaq, Rusiya-Ukrayna danışıqlarının bərpası üçün şərait yaratmaq lazımdır: “Nüvə silahından istifadə təhlükəsinə qarşı birlikdə çalışmalıyıq. Atom arsenalı mövcud problemlərin həllinə kömək etməyəcək. Avrasiyada nüvə böhranının yaranmasının qarşısını almaq lazımdır”.