Səudiyyə Ərəbistanının baş prokuroru: “Bu, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin başlanğıcıdır”
- 07 noyabr, 2017
- 06:31
Bakı. 7 noyabr. REPORT.AZ/ “Bu, harada baş verməsindən asılı olmayaraq, korrupsiya və rüşvətxorluğa qarşı həyati əhəmiyyətli mübarizənin başlanğıcıdır”.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Baş prokuroru Şeyx Səud Mojeb noyabrın 5-də krallıqda 11 şahzadənin, fəaliyyətdə olan 4 nazirin və 39 keçmiş hökumət üzvünün həbsi ilə bağlı məsələni şərh edərkən bildirib.
Məlumata görə, həbs edilən şəxslərin bank hesabları dondurulub.
Baş prokuror istintaqın birinci mərhələsinin başa çatdığını deyib: “Çoxlu dəlil-sübut toplanıb. Əhatəli istintaq aparılır. İş üzrə tutulan bütün şübhəlilərlə bağlı araşdırma və məhkəmə prosesi şəffaf keçiriləcək”.
Qeyd edək ki, həbs olunanlar arasında milyader əl-Valid bin Talal ibn-Əbdüləziz əs-Səud da var.