G20-nin sədr-ölkəsi olan Səudiyyə Ərəbistanı gələn həftə onlayn rejimdə fövqəladə sammit çağıracaq.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, sammit COVID-19 pandemiyasına koordinasiyalı cavab verilməsini təşviq etmək və onun həm insanlar, həm də iqtisadiyyata təsirini müzakirə etmək məqsədi ilə keçiriləcək.
“G20 beynəlxalq təşkilatlarla birlikdə pandemiyanın təsirini azaltmaq üçün zəruri hesab edilən istənilən vasitəyə əl atacaq”, - bəyanatda deyilir.
Həmçinin bəyanatda Səudiyyə Ərəbistanının koronavirusa qarşı beynəlxalq səyləri dəstəkləyəcəyi və əlaqələndirəcəyi də qeyd olunub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 167 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 198 942, ölənlər isə 7 991 nəfərdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.