Serbiyada seçki prosesinin təqvimi açıqlanıb

Digər ölkələr
  • 12 sentyabr, 2026
  • 01:41
Serbiyada seçki prosesinin təqvimi açıqlanıb

Serbiyanın Respublika Seçki Komissiyası (RIK) növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı seçki prosesinin təqvimini açıqlayıb.

"Report"un Balkan bürosu xəbər verir ki, RIK-nın açıqladığı təqvimə əsasən, seçki siyahılarının təqdim edilməsi üçün son tarix 4 oktyabr, seçici siyahısının yekunlaşdırılması və seçicilərin ümumi sayının müəyyənləşdirilməsi üçün son tarix isə 9 oktyabr müəyyən edilib.

Seçkiqabağı təbliğat-təşviqatın səssizlik dövrü 22 oktyabr saat 00:00-da başlayacaq və 25 oktyabr saat 20:00-dək, yəni seçki məntəqələri bağlananadək davam edəcək.

Bundan əlavə, yekun seçki siyahısının müəyyənləşdirilərək "Službeni glasnik"də dərc olunması 9 oktyabradək həyata keçirilməlidir.

Xatırladaq ki, Serbiya Prezidenti Aleksandar Vuçiç seçki siyahısına imza ataraq keçiriləcək səsverməyə dəstəyini ifadə edib.