"Sahilə vuran uşaq" fotosunun müəllifi: "Əlimdən gələn tək şey onun cansız bədəninin harayını bütün dünyaya çatdırmaq idi"

"Sahilə vuran uşaq" fotosunun müəllifi: "Əlimdən gələn tək şey onun cansız bədəninin harayını bütün dünyaya çatdırmaq idi" "Onları suyun üstündə saxlamaq üçün üzərlərində heç nəyləri yox idi"
Digər ölkələr
5 Sentyabr , 2015 10:36
Sahilə vuran uşaq fotosunun müəllifi: Əlimdən gələn tək şey onun cansız bədəninin harayını bütün dünyaya çatdırmaq idi

Bakı. 5 sentyabr. REPORT.AZ/ "3 yaşlı Aylan Kurdini gördüyüm zaman sanki qanım dondu, amma ona kömək etmək artıq mümkün deyildi. Əlimdən gələn tək şey onun fotosunu çəkməklə onun cansız bədəninin harayını bütün dünyaya çatdırmaq idi". "Report" xəbər verir ki, bunu "sahilə vuran uşaq" fotosunun müəllifi Nilüfer Demir "Doğan" Xəbər Agentliyinə müsahibəsində bildirib.

Fotomüxbirin sözlərinə görə, son aylarda həmkarları ilə buraya gəlir, qaçaq mühacirlərin buradan Yunanıstanın Kos adasına keçmələrini çəkirlərmiş: "Həmin fotonun çəkildiyi gün də mən növbətçi idim. Pakistandan qaçmış bir neçə qrupun qarşı tərəfə keçməklərini çəkərkən qəfildən sahildə olan cəsədləri gördük, yaxınlaşdıqda uşaq cəsədləri olduğu aydın oldu. Çox təsirli mənzərə idi. Təəssüf olsun ki, onlara kömək etmək üçün artıq gec idi. Biz isə körpələrin dərdlərini dünyaya çatdırmaq üçün işimizi görməyimizin vacib olduğunu fikirləşdik və onların bu faciə və dəhşət dolu fotolarını çəkdik".

Nilüfer Demir bildirib ki, Aylandan 100 metr qabaqda qardaşı Qalibin cəsədi var idi: "Qalibdən də 150 metr qabaqda Tahara uzanmışdı. Məni təəccübləndirən şey isə onların heç birinin əynində nə xilasedici jilet, nə qollarına taxılmış xilasedici qolluq, nə də başqa bir şeyin olmaması idi. Onları suyun üstündə saxlamaq üçün üzərlərində heç nələri yox idi. Bu isə hadisənin dramatikliyini çılpaq şəkildə göstərirdi".

Qeyd edək ki, senyabr ayının 2-i Yunanıstana qayıqla yola çıxan 12 miqrant Muğlanın Bodrum rayonunda faciəvi şəkildə vəfat edib. Ölənlərin 8-i uşaq olub. "Doğan" Xəbər Agentliyinin fotomüxbiri Nilüfer Demirin çəkdiyi "sahilə vuran uşaq" fotosu bu faicəni bütün dünyaya yayıb. Bu məsələ ilə bağlı 4 suriyalı həbs edilib.

Son xəbərlər

Orphus sistemi