Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb
- 09 sentyabr, 2026
- 05:50
Həftəsonu Moskva və Kiyevdə Ukrayna üzrə keçirilən danışıqlar məzmunlu olub.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio Kolumbiyaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Bununla belə, Dövlət Departamentinin rəhbəri müzakirələri "məhsuldar və ya qeyri-məhsuldar" adlandırmaqdan imtina edib.
"Hər iki tərəfin çox sərt qırmızı xətləri var. Lakin bunlar həftəsonu həm Kiyevdə, həm də Moskvada keçirilən məzmunlu danışıqlar idi və ümid edirəm ki, bunun əsasında biz (üçtərəfli) danışıqların bərpası üçün irəliyə doğru yol aça biləcəyik", - o deyib.
Daha əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşün yekunlarına əsasən bildirib ki, ABŞ, Rusiya və Ukrayna yaxın vaxtlarda üçtərəfli formatda danışıqların keçiriləcəyini elan edə bilər.
Rubio həmçinin vurğulayıb ki, Amerika tərəfi yaxın həftələrdə danışıqların bərpası və hər iki tərəf üçün məqbul olan razılaşmanın mümkün əldə olunması üçün yol xəritəsi hazırlamağı nəzərdə tutur.
"Qarşıda hələ çox iş var", - Dövlət Departamentinin rəhbəri yekunlaşdırıb.