Almaniya Ukraynaya iki ədəd hava hücumundan müdafiə sistemi verərək öz paytaxtını hücumlardan qorunmaz halda saxlayıb.
“Report” “Le Monde”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Rheinmetall” konserninin baş direktoru Armin Papperger bildirib.
“Berlini müdafiə edə biləcək iki sistemimiz var idi, amma indi onlar Ukraynadadır”, - o deyib.
Onun sözlərinə görə, söhbət “Skynex” hava hücumundan müdafiə sistemindən və konsernin ən son məhsullarından olan özüyeriyən HHM sistemi olan “Skyranger”dən gedir. Almaniyanın paytaxtını qorumaq üçün 4 ədəd belə sistem kifayət edərdi.
Daha əvvəl Ukrayna xarici işlər naziri Dmitro Kulebanın “Rheinmetall”ın rəhbəri ilə görüşdüyü və Kiyev üçün tank, zirehli nəqliyyat vasitələrinin gələcək tədarükünü müzakirə etdiyi bildirmişdi. A.Papperger bu il Ukraynaya 20-25 “Leopard 1” tankı tədarük etməyə hazır olduğunu açıqlamışdı.